Hava qabarcıqları atılan plastik tullantıları suyun üzərinə qaldıra bilər.

Amsterdamın Westerdok rayonunda gəzərkən kanal boyunca yığılmış tullantılar görsəniz kədərlənməyin. Bu heç də ilk baxışdan göründüyü kimi küçəyə atılmış zibil yığını deyil. Gördüyünüz tullantı yığını, 3 illik pilot layihə olan “ The Great Bubble Barrier” və ya “Böyük Qabarcıq Baryeri” layihəsinin gördüyü təmizlik işinin nəticəsidir.
 
Layihənin nəzəri hissəsi bundan ibarətdir ki, perforasiya olunmuş borulardan çıxan qabarcıq divarları, plastik tullantıların qarşısında baryer yaradır və eyni zamanda balıqların və qayıqların işinə mane olmurlar. Bu qabarcıqlar nəinki tullantıların qarşısını kəsir, həmçinin onları suyun üzərinə çıxara bilir.
Həmçinin iddia edilir ki, qabarcıq baryeri suda oksigen miqdarını artıraraq zərərli yosunların bitməsinin də qarşısını alır.



Boru bucaq altında yerləşir və buna görə də kanalın axma istiqaməti bütün tullantıları yalnız bir tərəfə yönəldir, burada isə üzən platformanın köməyi ilə onlar suyun üzərinə çıxarılır və daha sonra kənara atılır.

Ümid edilir ki, baryer kiçik tullantıları da yaxalamaq qabiliyyətinə malik olacaq. Təəssüf ki, kanalların təmizlənməsi ilə məşğul olan qayıqlar kiçik tullantıların yığılmasına müvəffəq ola bilmir. Ümumilikdə isə üzən təmizlik qayıqları  Amsterdan kanallarından il ərzində 42 tona yaxın plastik tullantı yığırlar.

Ümumdünya İqtisadi Forumunun verdiyi məlumata əsasən hər il dünya okean sularına 8 milyon ton plastik tullantı tökülür. Bu göstərici təxminən saniyədə bir yük maşını zibilə bərabərdir. Bu tullantıların böyük əksəriyyətinin çaylara töküldüyünü nəzərə alsaq, sözügedən baryerlər problemin həllində kifayət qədər önəmli rol oynaya bilər.

Yazdı: Könül Hilal