Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün Avropada təhsil alan tələbələr ilə müsahibələr etməyə davam edirik.   
 
Burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri öz hekayələri və təcrübələri ilə bölüşürlər. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik.   
 
Bu həftəki qonağımız Polşanın Varşava Dövlət Universitetinin tələbəsi Kamran Paşayev-dır.


- Kamran, özünüz və Avropada təhsil hekayəniz haqqında bir az danışın.
 
 
- Mən, Paşayev Kamran, 22 yaşım var. 2014-cü ildə Akademik Zərifə Əliyeva adına liseydən məzun olmuşam. Elə həmin ilin iyul ayında TQDK tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında iştirak etmiş, 596 balla ADA Universitetinin İqtisadiyyat fakultəsinə qəbul olmuşam. Orada təhsil İngilis dilində olduğu üçün, və mənim o zamanki  ingilis dili səviyyəm yetəri qədər olmadığı üçün birinci il ADA Universitetinin öz tələbələri üçün yaratdığı “EAP (English for Academic Purposes)” yəni “Ingilis dili akademik məqsədlər üçün” proqramında iştirak edərək öz ingilis dili səviyyəmi yaxşılaşdırmışam. ADA Universitetində iki il təhsil aldıqdan sonra öz təhsilimi davam etdirmək üçün Niderland Krallığının Rotterdam şəhərində yerləşən Erasmus Universitetinə qəbul oldum və Niderlanda köçdüm. Orada Beynəlxalq İqtisadiyyat və Biznes üzrə bir il təhsil almışam, və hal hazırda Polşanın Varşava şəhərində, Varşava Dövlət Universitetində Maliyə və Beynəlxalq İnvestisiyalar üzrə təhsilimi davam etdirirəm.


- Universitetə necə daxil oldunuz? Təcrübəniz barədə bizə bir az məlumat verin. 
 
- Avropa ali məktəblərinə qəbul bizim universitetlərimizdən fərqlənir, beləki çox hallarda sadəcə məktəb qiymətləri, universitet qiymətləri və beynəlxalq ingilis dili imtahanından (IELTS, TOEFL və s.) alınan nəticə hansısa bir avropa universitetinə qəbul olmaq üçün yetərli sayılir. Və mənim ümumi ballarım kifayət qədər yüksək idi və beləlilklə mən Erasmus Universitetinə qəbul oldum.
 
- Necə oldu ki Hollandiyadan Polşaya köçdüyünüz? 
 
- Hollandiyadan Polşaya köçməyim açığı bir az gözlənilməz oldu, çünki planımda Polşa heç yox idi. Beləki, Erasmus Universitetində oxuduğum bir il heçdə istədiyim kimi, planlaşdırdığım kimi getmədi. Təhsildə bəzi problemlərim oldu, psixoloji bəzi problemlərim oldu, və oxuduğum universitet də mənə ikinci bir şans vermədi və mən 2017-ci ilin artıq avqust ayında bir az şərqə köçmək, tam dəqiqliyi ilə Polşaya köçmək haqqında fikirləşməyə başladım. Artıq oktyabr ayında Polşanın Varşava şəhərində yerləşən Varşava Dövlət Universitetində təhsilimi davam etdirməyə başladım.


- Hazırda aldığınız təhsildən razısınızmı? Sizin üçün ən böyük üstünlüklər nələrdir?
 
 
- Ümumi götürdükdə, bəli aldığım təhsildən razıyam, amma, əfsuslar olsun ki, bəzən problemlər olur bəzi dərslərlə, bəzi müəllimlərlə. Xaricdə oxumağın yaxşı və pis tərəfləri var hər şeydə olduğu kimi. Mənə görə oxuduğum universitetin ən böyük üstünluyü odur ki, Varşava Universiteti Polşanın ən yaxşı universiteti sayılır və Şərqi Avropada, ümumiyyətlə Avropada sayılıb seçilən universitetlərdən biridir. Burada verilən təhsil həqiqətən də keyfiyətlidi. Bundan əlavə Polşa yeni bir mədəniyyətdir mənim üçün, bizim universitetdə polşalılardan başqa digər millətlər də təhsil alır, onlarla danışmaq, diskussiyalar aparmaq hər zaman nəysə insana öyrədir. Əlavə olaraq demək istərdim ki, Polşa bu dəqiqə inkişaf yolundadır, ölkəyə xarici kapital axını artır, bununla bərabər iş yerləri artır və bu da öz növbəsində gənc tələbələrə hansısa bir şirkətdə praktika keçib öz biliklərini möhkəmləndirməyə imkan yaradır.


- Təhsildən asudə vaxtlarınızda nə ilə məşğul olursunuz? Bir az da Polşada həyatınız haqqında danışın.
 
- Təhsidən başqa asudə vaxtlarımda istirahət etməyi sevirəm, amma bu istirahət sadəcə evdə oturub heç bir işlə məşqul olmamaq deyil. Psixoloji və özünü inkişaf kitabları ilə maraqlanıram, və vaxt olduqca oxuyuram. Özünü inkişaf dedikdə, hansisa bir məşhur insanın (biznesmenin, siyasətçinin, və ya sadəcə hər gün insanlarla ünsiyyətdə olan birisinin) kitablarını oxuyuram, onların həyat praktikalarından nə isə öyrənməyə çalışıram. Ümumiyyətlə, düşünürəm ki, hələ çox şey öyrənməliyəm, özümü inkişaf elətdirməliyəm. Kitablardan başqa gündəlik internetdən xəbərləri izləyirəm, məqalələr oxuyuram, yəni qısacası mediyanı izləyirəm. İdmanla məşqul oluram, “Sağlam bədəndə sağlam ruh olar” ifadəsini özüm üçün həyat devizi seçmişəm. İdmana marağım uşaq yaşlarından olub, bir zamanlar Judo idman növüylə məşqul olmuşam, sonradan Polşaya gəldikdən sonra BJJ (Brazilian Jiu Jitsu) idman növüylə bir az məşğul olmuşam, bir neçə müddət öncə isə Krav-Maga döyüş idman növüylə məşqul olmağa başlamışam. Bundan əlavə olaraq, üzməyi çox sevirəm, həftədə bir dəfə, çalışdığım qədəriylə, üzürəm. Bu, mənə həftə ərzində olan stresi azaltmağa kömək edir. Daha bol zamanım olunca isə səyahət etməyi sevirəm. Boş vaxtın və maddi imkanın miqdarından asılı olaraq isə səyahətin istiqaməti də dəyişir, bəzən hansisa bir yeni ölkə, bəzən yaşadığım olkədə yeni şəhər, bəzən isə sadəcə yaşadığım şəhərdə yeni bir yer olur.