Fariz Nadir Rzayev dünyanın müxtəlif ölkələrindən inanılmaz kadrlar yaradan istedadlı azərbaycanlı fotoqrafıdır.

O, 10 ildən artıqdır ki, Norveçdə yaşayır və işləyir, bu ölkənin vətəndaşıdır, "Bilder Nordic School of Photography"nin məzunudur.



"Mən Oslonu çox sevirəm və bu şəhəri öz evim hesab edirəm. Burada məktəbi bitirmişəm, sonra isə fotoqrafiya üzrə ali təhsil almışam. Bu ölkə mənə bir çox şey öyrədib və özümü inkişaf etdirməyimə kömək edib".





Farizin çəkdiyi fotoşəkillər dəfələrlə müxtəlif sərgilərdə təqdim olunub.
 
"Mənim üçün fotoqrafiya sənəti sadəcə bir peşə deyil, həyat tərzidir. Mən bu işlə yaşayıram. Mən özümü kommersiya yönümlü fotoqraf hesab etmirəm, baxmayaraq ki, reklam çəkilişləri də edirəm, amma yenə də özümü yaradıcı fotoqraf hesab edirəm, çünki fotoqraflıq sənəti ilk növbədə, mənim üçün incəsənət növüdür". 





Norveçin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda da istedadlı həmyerlimizin foto-sərgisi keçirilmişdir. O, Oslodan Bakıya Norveç paytaxtının arxitekturası ilə bağlı öz baxışını əks etdirmək üçün gəlmişdi. 



"Oslonun sehrli arxitekturasına, binaların simmetrik quruluşuna, təzadlılığına aşiq oldum və bu da məni "On-Line in Oslo" layihəsini həyata keçirməyə ruhlandırdı. Oslonun qeyri-adi və bənzərsiz gözəlliyini öz kameramın obyektivində hər kəsə çatdırmaq istərdim".  



İstedadlı həmyerlimizin diqər foto-işləri ilə onun İnstagram səhifəsində (@fariznadirrzayev) tanış ola bilərsiniz.

Yazdı: Xatirə Vəliyeva