Bugünkü qəhrəmanımız nə az, nə çox 90 yaşı olan Dino İmpagliazzodur və onun yaşadığı həyat hər birimizə nümunə olmalıdır.

  “RomAmor” (Roma Sevgi) cəmiyyətinin yaradıcısı və “kasıbların aşpazı” adı ilə Roma evsizlərinin qoruyucu mələyi Dino, hər şeyin 15 il öncə, məhz Roma dəmiryolu vağzalında başladığını qeyd edir.
 “Bir nəfər mənə yaxınlaşdı və sendviç almaq üçün pul istədi. Həmin an mən anladım ki, pul vermək əvəzinə ona və onun kimilərə sendviç hazırlayıb vermək daha yaxşı olar.” deyə Dino qeyd edir.



  Həftənin 4 günü Dino və cəmiyyətin könüllüləri professional mətbəxdə evsizlər üçün müxtəlif isti yeməklər hazırlayırlar. Digər 3 gün isə bişirdikləri yeməkləri müxtəlif dəmiryolu vağzallarında evsizlərə paylayırlar.  Şənbə gecələri isə evsizlərin sayının günü-gündən artdığı  Müqəddəs Pyotr meydanında xidmət edirlər. Qeyd edək bu meydanda Roma Papası Francis tərəfindən tibbi məntəqə də təsis edilib.
 
  Əvvəllər İtaliya Sosial Təhlükəsizlik Departamentində çalışan Dino İmpagliazzonun əsas yardımçıları təqaüdçülərdir və hal-hazırda yaşlı və gənc olmaqla cəmiyyət üçün fəaliyyət göstərən könüllülərin sayı 300-ə çatıb.


 
  İtaliya prezidenti Sergio Mattarella tərəfindən şərəf mükafatı ilə təltif olunan İmpagliazzo “Dövrümüzün Qəhrəmanı” tituluna layiq görülüb, lakin o səmimiyyətlə etiraf edir ki, bir vaxt başlatdığı bu layihənin bu qədər məşhurlaşacağını düşünmürdü.
“Ötən şənbə Vatikan ətrafında xidmət edərkən daha 4 nəfər könüllü bizə qoşulmaq istədiklərini bildirdilər və biz məmnuniyyətlə onları qəbul etdik. Sayımız çoxaldıqca, Roma bir-birini sevən və bir-birinin qayğısına qalan insanlar şəhərinə çevriləcək” deyər Dino İmpagliazzo vurğulayır.


 
Biz isə inanırıq ki, məhz belə cəmiyyətlərin fəaliyyəti sayəsində nəinki Roma şəhəri, eləcə də bütün planetimiz  bir-birini sevən və bir-birinin qayğısına qalan insanlar planetinə çevriləcək.
 
Mənbə: Reuters Xəbər Agentliyi