Əgər Buz qəsri həqiqi olsaydı, böyük ehtimalla məhz bu qəsr olardı. İtaliyanın Molize regionunda yerləşən bu qəsrə bənzər memarlıq incisi nağıllarda baş verən hadisələrin sanki canlandığı bir məkandır. Bir çoxları tərəfindən möcüzəvi hesab edilən bu möhtəşəm qəsrin inşası demək olar ki, bir əsr davam etmişdir.

Bu məqalədə biz “The Basilica Sanctuary of Our Lady of Sorrows” (Kədərli Ananın Bazilika Məbədi) adlandırılan məbədin hekayəsindən və yerləşdiyi ərazidə ən çox ziyarət edilməsinə səbəb olan maraqlı faktlardan bəhs edəcəyik.

Məbədin tikintisi zamanı memarlar yerli daşoyma ustaları ilə birlikdə unikal bir iş ərsəyə gətirmiş və məbəd Kastelpetrozoda yerləşən qayanın üzərində oyulmuşdur. Yerli əhali deyir ki, hətta italyanlar da bu ərazidə belə bir xəzinənin mövcud olduğuna heç cür inana bilmir və onun, həqiqətən də, mövcud olduğunu məhz öz gözləri ilə görə bilmək üçün buraya baş çəkirlər.

Rəvayətə görə, Serafina və Fabiana adlı iki yerli qadın məbədin tikildiyi yerdə Müqəddəs Məryəmin oğlunu qan içində qucağında tutduğunu görür. Həmin vaxt orada itmiş qoyunlarını axtaran qadınlar bəzi çatlardan parlaq işıq gəldiyinə şahid olurlar. Bu hadisəsən sonra əraziyə gedən bir çox insan bənzər vəziyyətlərlə qarşılaşdığını nəql etmişdir.

Yerli əhali arasında, həmçinin belə bir rəvayət gəzir ki, bir gənc oğlan buradakı qayadan yıxılmış və bu müqəddəs yer onu qoruduğuna görə heç bir zədə almadan sağ qala bilmişdi.

Digər bir rəvayətə görə, məbədin yerləşdiyi qayadan möcüzəvi bulaq axırmış və bu bulağın suyundan içənlər şəfa tapırmış. Hətta vərəmə yoluxmuş 12 yaşlı oğlanın və eşitmə qabiliyyətini itirmiş bir nəfərin bu bulağın suyunu içdikdən sonra şəfa tapdığı deyilir.

Karlos Kvaderni adlı italyan jurnalist bu suyun nə dərəcədə şəfalı olduğuna böyük maraq göstərmiş və xəstə oğlunu götürərək bulağa getmişdir. O, daha sonra bir jurnalda bu suyun oğlu üçün də şəfalı olduğu barədə məqalə yazmışdır. 

Məbədi görmək istəyən şəxslər üçün yaxşı xəbər ondan ibarətdir ki, burada qalmaq da mümkündür. Daha doğrusu, tikilinin içərisi kilsə kimi fəaliyyət göstərdiyinə görə siz onun içərisində deyil, bazilikanın düz yanında tikilmiş və ərazidə bir qədər çox vaxt keçirmək və onu daha yaxşı tanımaq istəyən şəxslər üçün nəzərdə tutulmuş hostel və sadə hoteldə (yalnız gecələmək və səhər yeməyi təklif edən) qala bilərsiniz.

İtaliyanın ən möhtəşəm qəsrinin bütün tarixçəsini və hekayəsini öyrənmək istəsəniz, ərazi ilə bağlı tarixi mərhələləri xronoloji ardıcıllıqla təsvir edən yaxınlıqdakı muzeyə baş çəkə bilərsiniz.

Yerli kəndin yaşıllıq ərazisi sayəsində təbiətin enerjisini və nəfəskəsən mənzərələri sevən şəxslər üçün bu məkan həm coğrafi nöqteyi-nəzərdən, həm də mənəvi baxımdan olduqca maraqlıdır. Düşüncələrə dalmaq və sakitlik tapmaq üçün dünyanın hər yerindən insanlar buranı ziyarətə gəlir.

Mənbə: https://brightside.me/wonder-places/a-majestic-castle-in-italy-looks-like-its-straight-out-of-a-fairy-tale-but-its-as-real-as-you-are-794119/