Bir tərəfi buz, digər tərəfi lava səthi ilə örtülü olan bu ada ölkəsi, haqqında yazdığımız faktlarla sizi çox təəcübləndirəcək. Əhalisinin sayı cəmi 350 min olan İslandiyanın paytaxtı Reykyavik şəhəri, dünyanın ən şimal paytaxtı hesab edilir. Buna baxmayaraq şəhərdə havanın temperaturu Nyu Yorkdan daha istidir. Buna səbəb isə hərəkət edən Holfstrim cərəyanıdır.

  2010-cu ildə Reykyavikin icra başçısı, komediya ustası Yon Qnarr seçildi. Onun seçki kampaniyası özünəməxsusluğu ilə fərqlənirdi. Təşviqat zamanı o  söz verdi ki, verdiyi vədlərin heç birini tutmayacaq. Bu cür yanaşma tərzi seçicilərin marağına səbəb oldu.

  İslandiyada soyadlardan istifadə olunmur. Bəli, bu belədir. Soyad əvəzinə onlar ata adlarının sonluğuna “oğlu” və ya “qızı” sözünü əlavə edib istifadə edirlər.

  Soyaddan başqa, İsladiyada daha nələr yoxdur?
  İslandiyada ordu, hərbi hava qüvvələri də yoxdur. Halbuki İslandiya NATO-ya üzv ölkədir.
İslandiya polisi silah daşımır. Siz burada tez-tez qapısı açaıq ev və obyektlərin şahidi ola bilərsiniz. Ölkədə əhalinin bir-birinə güvəni o dərəcədə yüksəkdir ki, bir sıra piştaxtalar satıcısız və kamerasız fəaliyyət göstərir. Alıcılar istədikləri məhsulu alıb, ödənişi müstəqil şəkildə həyata keçirirlər. Heç bir nəzarət olmadan. Və heç kimin başqasını aldatmaq ağlına belə gəlmir.

  Daha bir təəccüblü məqam ondan ibarətdir ki, 10 ildən çoxdur ki, ölkədə McDonalds şəbəkəsi fəaliyyət göstərmir. Şirkətin nümayəndəsi bunu onunla izah edir ki, istifadə olunan ərzaqların əksər hissəsi Almaniyadan idxal olunur, bu isə öz növbəsində çox baha olduğundan, biznesin davam etdirilməsi maliyyə cəhətdən sərfəli deyil. McDonalds tarixində ən maraqlı hadisələrdən biri də məhz İslandiyada yaşanıb. Beləki, restoranın bağlanmasından əvvəl, İslandiya vətəndaşı burada təklif olunan burgeri alır və onu polietilen paketdə 3 il saxlayır. Onun məqsədi dostlarına bu yeməyin sağlamlıq üçün nə qədər ziyan olduğunu sübut etmək idi. Və McDonaldsın burgeri onu yanıltmır. 3 il müddətində burger qətiyyən korlanmır. Gənc adam sözügedən burgeri İslandiya Milli Muzeyinə təqdim edir və bu qida orda da əlavə olaraq korlanmadan qalır.

  Qidadan söz düşmüşkən qeyd edək ki, İslandiya dövləti əhalisinin sağlam qidalanmasına böyük əhəmiyyət verir. Tərkibində 2 faizdən artıq trans yağlar olan ərzaqların satışı dövlət tərəfindən qadağa olunur. İslandiya mətbəxi təbii resursların çox olmaması səbəbilə zəngin mətbəxlər sırasına aid edilmir.
Yerli mətbəxin ən məşhur nümunəsini misal kimi göstərək – Haukarl. Haukarl qrenlandiya akulasının qaxac olunmuş ətindən hazırlanır və bu əti çeynəmədən birbaşa udmaq lazımdır, əks təqdirdə ətin spesifik qoxusu xoşagəlməz təəssüratlar yaradacaq.

  İslandiya müxtəlif azlıqlara – dini, cinsi və milli azlıqlara maksimal tolerantlığı ilə fərqlənir. Tarixdə ilk dəfə məhz İslandiyada dövlət xadimi eynicinsli nikah qurub. Söhbət İslandiyanın baş nazirinin öz rəfiqəsi ilə evlənməsindən gedir.

  İslandiya adası gözəl təbiəti və bu təbiətin bəxş etdiyi resursları ilə də seçilir. Mavi Laqunası və qara çimərliyi ilə turistlərin sevimli məkanlarından olan İslandiya geotermal mənbələrdən əldə edilən isti su nəticəsində əlavə istilik sisteminə ehtiyac qalmadan sənayesinin böyük hissəsini istilik ilə təmin edir.