Avropaya getməyi planlaşdırırsınızsa, hər şey sizin üçün olduqca maraqlı gələcək - planetimizin ən rəngarəng qitəsinin hər bir şəhərinə səyahət etmək - Eyfel Qülləsinə çıxmaq, “London Eye”-dan möhtəşəm London şəhərinə tamaşa etmək, əzəmətli Alp dağlarında xizək sürmək, Almaniyada ququ quşulu saat almaq, digər maraqlı fəaliyyətlərlə məşğul olmaqla və ya sadəcə ləziz təamlardan dadmaq!

Sizə Avropanın 10 ən çox səfər olunan və turistlər tərəfindən xüsusiylə seçilən ölkələrini təqdim edirik: 

Böyük Britaniya



Avropanın 10 əsas ölkəsinə səyahətinizə Böyük Britaniyadan başlaya bilərsiniz. Əvvəlcə Londona baş çəkə, daha sonra Uels ilə Şotlandiyaya keçə bilərsiniz. Təbiətin gözəlliyini və orta əsr qalalarını seyr etmək üçün Şotlandiyanın şimal ərazilərinə səfər edin. Keçdiyiniz hər bir yerdə ayaq saxlayıb gördüklərinizi kameranın yaddaşına yazmaq istəyəcəksiniz. Gəmi və ya təyyarə ilə Şimali İrlandiyaya keçərək ən gözəl çimərliklərdə istirahət edə, balıq yeməkləri və çipslərdən dada bilərsiniz!

İsveçrə



Əzəmətli Alp dağlarının təbii gözəlliyi, duzlu göllər, qalalar, muzeylər, qeyri-adi kəndlər, kosmopolitan şəhərlər, dadlı şərablar, şokoladlar, cürbəcür pendirlər və ləziz mətbəx İsveçrədə yolunuzu gözləyir.
 
Fransa



Fransaya səfər anlayışı ilə Parisə səfər demək olar ki, eynidir. Lakin Fransa təkcə Eyfel Qülləsi, Luvr muzeyi və Parisin digər məşhur yerlərindən ibarət deyildir. Bu ölkədə sahilboyu gözəl çimərliklərə, möhtəşəm təbiət mənzərələrinə, tarixi və əsrarəngiz malikanələrə və bitki və heyvanat parklarına rast gələ bilərsiniz. 

Avstriya



Avstriya barədə fikirləşəndə hamının yadına “Musiqi sədaları” (“The Sound of Music”) filmi düşür və göz önündə silsilə təpələr, başıqarlı Alp dağları və dupduru göllər canlanır. Avstriya, həmçinin qərb klassik musiqisinin vətəni hesab olunur. Mədəni zənginliklə yanaşı, Avstriya əsrarəngiz müasir memarlıq nümunələri ilə harmoniya təşkil edən möhtəşəm orta əsr saraylarına da malikdir. Bütün bunlara görə Avstriya, haqlı olaraq, 10 əsas Avropa ölkəsindən biri hesab olunur.

Almaniya



Avropanın gözəl ölkələrindən biri hesab olunan Almaniya zəngin incəsənət və memarlıq nümunələri ilə məşhurdur. Bu ölkənin yeməkləri də xüsusilə qeyd olunmalıdır. Bir qədəh çəllək pivəsini içərək fərqli çeşiddə kolbasaların təklif olunduğu sağlam qida məhsullarından dada bilərsiniz.

Belçika



Belçikanın adı çəkiləndə hər kəsin ağlına şokolad gəlir. Bəs bilirdinizmi ki, bu ölkə həm də “frenç frayz”ın vətənidir? Ona görə də, pəhriz saxlamaq fikrinizi sonraya saxlayaraq Belçikaya baş çəkin və mayonezə batırılmış frayz ilə ləziz yumşaq vaflinin dadına baxın.
 
Niderland



Hollandların ruhunu duymaq üçün füsunkar Amsterdam, Rotterdam, Leyden və Delft şəhərlərinə səyahət edin. Holland yeməklərindən və holland pivəsindən dadın. Van Qoq və Rembrandt kimi məşhur rəssamların yaratdığı sənət əsərləri ilə yaxından tanış olun. Velosipedlə və ya piyada gəzintiyə çıxaraq möhtəşəm mənzərələri seyr edin, yaxud qumlu çimərliklərdə dincəlin və suda yelkən açın. Kökenhofda dünyaca məşhur lalə bağlarına baş çəkə və Madurodam miniatür şəhərində ola bilərsiniz.

Vatikan  



Vatikan dünyanın ən kiçik ölkəsidir. Bu ölkədə 770 nəfər insan yaşasa da, onların heç biri daimi sakin deyil. 14-cü əsrdən bəri bu ölkə Roma Papasının və dünya katoliklərinin dini mərkəzidir. Katoliklərlə yanaşı çoxlu sayda turist Müqəddəs Pyotr meydanı və Bazilikaya, Vatikan muzeyinə və Mikelancelonun arxası üstə uzanaraq illərlə tavanını boyadığı  Sikstin kapellasına baş çəkmək üçün bu ölkəyə səfər edir. 

İtaliya



İtaliya çoxlu sayda şair, yazıçı və ssenaristlər yetişdirmişdir. Kilsələrin ecazkar memarlığından tutmuş italyan mətbəxinin ləziz təamlarına, məşhur markalardan tutmuş hər il keçirilən İncəsənət Festivalına qədər hər bir xüsusiyyəti ilə İtaliya səyahət etməyə dəyər bir ölkədir.

Çex Respublikası



Çex Respublikası kiçik şəhərciklərdən və çoxsaylı şəhərətrafı qəsəbələrdən ibarətdir. Bu ölkə bağları və parkları sevən şəxslər üçün əsl cənnətdir. Çexiyanın müasir hissələri onun tarixi şəhərləri ilə kəskin ziddiyyət təşkil edir. Çexiyaya səfər etsəniz, dünyanın zəngin mədəniyyətə malik, musiqi və incəsənət mərkəzi olan ən gözəl şəhərlərindən biri olan Praqaya mütləq şəkildə baş çəkin.

Mənbə: https://www.makemytrip.com/blog/top-10-european-countries-everyone-visit