Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün Avropada təhsil alan tələbələr ilə müsahibə etməyə davam edirik.

Burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri öz hekayələri və təcrübələri ilə bölüşürlər. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik.

Bugünkü qonağımız Fransanın Spéos Paris Photographic Institute ali məktəbin tələbəsi Maya Bağırova-dır. Parisdə Maya Fotojurnalistika ixtisası üzrə təhsil alıb. İstedadlı həmyerlimiz Fransadakı tələbə həyatından danışdı.


 
- Maya, bizə ön haqqında bir az danış. Necə oldu ki, sən indi Fransadasan və niyə məhz bu ölkəni seçdin?

- Mən Maya Bağırova, Bakıda anadan olmuşam. 3 il İsraeldə ailəmlə yaşayıb, yenidən Azərbaycana qayıtmışam. Bakı Musiqi Akademiyasını skripka ixtisası üzrə bitirmişəm. Fransa isə kiçik yaşlarımdan arzu olaraq yaşayıb qəlbimdə. Mədəniyyəti, gözəlliyi, oxuduğum kitablar, fransız dilinin şirinliyi həmişə məni özünə cəlb edib. Xalam, Aytən Muradova Fransada yaşadığına görə, həmişə dili ondan eşidib həzz alırdım, bəlkə bir gün mən də fransız dilində danışa bilərəm kimi arzularım var idi. Xalamın mənim üzərimdəki əməyini sözlə ifadə edə bilmərəm. Elə uşaqlıq arzuma çatmağımı da məhz xalama borcluyam deyə bilərəm.



- Oxuduğun ali ktəbi ixtisası yə əsasla seçmisən? Orada ni lb etdi?

- Mən işləməyi oxumaqdan daha çox sevən insanam. Lakin həmişə incəsənətə bağlı olduğum üçün, hər bir oxuduğum sahə özünəməxsus maraqlı idi. “Spéos international photo school” adlı bir məktəb qarşımıza çıxdı, və həmin məktəbdə Fransanın böyük jurnallarından biri olan Paris Match jurnalının iki illik fotojurnalist programını gördük. Bakıda Nərgiz jurnalında çalışdığıma görə, jurnal sahəsi məni özünə cəlb edirdi.



- Universitetə necə daxil oldun? Təcrübən barədə bizə bir az məlumat ver.

-Universitetə qəbul üçün müsahibə mərhələsi keçirilirdi və mən ilk dəfə sənədlərimi yığıb oraya getdim. Böyük büroda ağ stol və qırmızı stullar arxasında bir məktəbin direktoru, bir də Paris Match jurnalının direktoru oturub məni sorğu sual etdikdən sonra, müsbət cavab aldım və çox sevinclə büronu tərk etdim. Beləliklə mənim yenidən universitet həyatım başladı.



- Orada aldığın təhsildən razı qaldınmı? Sənin üçün ən böyük üstünlüklər nələr idi? 

-Birinci il çətin keçdi. Tamamilə fərqli abu havaya düşmüşdüm, öyrəşə bilmirdim. Lakin ikinci ildən etibarən hər şey yoluna düşdü. Müəllimlərim məni çox dəstəkləyir, hər bir nüansı başa salırdılar. Fransız dilimi təkmilləşdirdim, onlarla birgə oxudum, xasiyyətlərini öyrənməyə çalışdım. Dərs zamanı hamının özünü çox rahat aparmasının şahidi olurdum. Müəllimlərdən qorxmaq və çəkinmək kimi halların əksinə, onlarla dost münasibətini gördüm. Mənimlə birlikdə oxuyan həmyaşıdlarımın həyatı çox rahat qəbul etdiyini müşahidə edirdim. Misal üçün bizə tapşırıq olaraq müxtəlif mövzular verilirdisə, bu mövzuların üzərində işlərinə də demək olar ki, səthi yanaşırdılar. Belə mövzulardan biri qatar mövzusudur deyək. Onlar qatarın üstünü çəkməklə kifayətlənirdilər, amma qatarın içinə heç kim daxil olmurdu...



- Bir az tələbəlik rutini haqqında danış, təhsil aldığın universitetdə dərslər necə keçir?

- Dərslər maraqlı idi əslində, çünki biz təkcə fotoqrafiyanı öyrənmirdik. Həmçinin onun tarixini, videonu, photoshop-lightroom komputer programlarını öyrənirdik. Hər həftə etiraz aksiyalarına gedirdik. Başımızda təhlükəsizlik papağı, maska və qoruyucu eynək olurdu. Parisdə etirazlar dövrü idi, bütün ölkə ayağa qalxırdı. Bütün Paris qaz qoxusuna bürünmüşdü. Mən AFB (Azərbaycan Fotograflar Birliyi) nin üzvü olduğum üçün mənə hər il press kart verilir. Həmin kartla etiraz aksiyaları zamanı polislərin yanında olmağa icazəm olur. Aksiyalar, portretlər, qarğalar, ağ-qara fotolar... bəzən kim ağ-qara fotolar çəkirdisə həmin adama Maya deyirdi müəllimlərim. Harada qarğa görürdülərsə həmin an yadlarına mən düşürdüm. Bəzən narazılıqlar olurdu, zarafatla deyirdilər ki, “Özünə jurnal aç, Maya adında və öz istədiyin fotoları orada dərc et. Çünki bəzən onların tələblərinə uyğunlaşmayıb, öz həyata baxışımla hərəkət edirdim. Bu da biraz çətinliklərə səbəb olurdu.



- Bu il sən məzun olmusan, və bizə hər bir tələbənin həyatında ən əsas olan imtahana hazırlıq prosesi barədə bir az danış. Və sənin üçün bu imtahan necə keçdi?

- İmtahan iki mərhələdən ibarət idi bizdə. İlk imtahan üçün iki sujet işim var idi : “Azərbaycan qadınları” və fransızların sloganı “Azadlıq, bərabərlik, qardaşlıq” ( fr.  Liberté, égalité, fraternité). İlk sujetim üçün Bakıya qayıtdım. İki həftə ərzində anamın və dayımın dəstəyi ilə rayonlarda Azərbaycan qadınlarının portretlərini çəkdim. İkinci sujet  isə Parisdə küçədə yaşayan adamların portretlərini çəkmək idi. Onlar bu suala cavab verməli idilər: “Sizin üçün Azadlıq, bərabərlik, qardaşlıq” nə deməkdir? Sualı cavablandırırdılar və mən fotoların aşağısında həmin cavabları qeyd edirdim. İkinci imtahan isə biznesə aid idi. İki ay ərzində müxtəlif redaktorlarla, fotoqraflarla, jurnalistlərlə konfranslar edirdilər. İmtahana isə slayd düzəltdik və 30 dəqiqə ərzində imtahan keçirildi. Çox müvəffəqiyyətlə imtahandan keçdikdən sonra anladım ki, artıq məktəb bitdi və artıq yol sənindir. İrəli getmək və çalışmaq lazımdır.



- Və sonda bir az da Fransada həyatın haqqında danış. Hal hazırda nə ilə məşğul olursan və gələcək üçün hansı planların var?

- Fransa.. yorulsam da, deyinsəm də, öz vətənimə geri dönmək istəsəm də hələ Paris mənimlədir və ya mən onunlayam, bilmirəm. Hal hazırda isə iş axtarmaqla məşğulam. Artıq professional fotoqraf statusum var və axtarışlara davam edirəm. Gələcək üçün böyük planlar hələ ki, qurmuram və bu günümlə yaşayıram. Gələcək üçün onu deyə bilərəm ki, istəyərəm Azərbaycanda tələbələrim olsun və bütün biliklərimi onlara öyrədim.
 
İstedadlı həmyerlimizin işini görmək üçün onun saytına daxil olun: http://mayabaghirova.com/