Bu gün Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirin əvvəlində Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib.

Daha sonra ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak və Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov çıxış etdilər.



«26 ildən sonra qarşılıqlı münasibətlərimiz üçün bu gün böyük gündür - bu əlaqələrin indi bir evi olacaq. Bu addımımızla əlaqələrimizin dinamikasını artırmaq və əməkdaşlıq üçün yeni imkanlar axtarmaq istəyirik. Biz əminik ki, hələ çox sahələrdə əməkdaşlıq edə bilərik.
Elə bu səhər mənim Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev ilə çox məhsuldar görüşüm oldu.
Azərbaycan ilə tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirəm və inanıram ki, Bakıda daimi nümayəndəliyimizin olması məqsədlərimizə çatmaqda çox böyük rol oynayacaq. Dostluq və qonaqpərvərliyiniz üçün təşəkkür edirəm» - Miroslav Layçak bildirdi.



Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Slovakiyanın Azərbaycandakı səfirliyi bu il oktyabrın 1-dən fəaliyyətə başlayıb.