Avropa Mədəniyyəti

Avropanın məşhur tarixi şəxsiyyətlərinin sevdiyi təamlar

2019/08/06 / 144

Əgər tarixə böyük marağınız varsa, yəqin ki, nə vaxtsa məşhur tarixi şəxsiyyətlərlə birgə vaxt keçirmək barədə düşünmüşünüz. Bəs bu zaman onların hansı təamlardan dadmaq istəyəcəyi heç ağlınıza gəlibmi? Nə qədər dəqiq olmasa da, tarixdəki bir çox məşhur şəxsiyyətlərin sevdiyi yeməklər barədə məlumatlar mövcuddur. Bu yeməklərdən bəziləri sizin xoşunuza gələ, bəziləri isə sizi sadəcə təəccübləndirə bilər.

Napoleon Bonapart: Marenqo toyuğu

Bonapartın sevimli yeməyi Marenqo toyuğu ilk dəfə Marenqo döyüşü zamanı məhz onun üçün hazırlanıb. Napoleonun zövqünü oxşamaq üçün hazırlanmış bu yemək əsrlər keçsə də, ən sevimli təamlar içərisində yer alır. 

Çarlz Darvin: Armadil

Ekzotik canlıların ətindən dadmaq marağı sayəsində Çarlz Darvin alliqator, qırğı və bayquş kimi fərqli heyvan və quş ətlərindən hazırlanmış yeməklərin dadına baxmışdır. Lakin o hesab edirdi ki, daddığı ən ləziz təam armadildən hazırlanmış yeməkdir. Darvinin fikrincə, armadilin dadı ördək ətini xatırlatsa da, ondan daha yaxşıdır.

Oskar Uayld: Qızardılmış ördək

Oskar Uayldın nəfis şərab, kürü və böyük məharətlə doğranmış mal ətinə üstünlük verdiyi məlum olsa da, tarixi qeydlərdə yazıçının o dövrdə məşhur olan qızardılmış ördək ətini çox sevdiyi göstərilir.

Alfred Hiçkok: Donuz ətindən hazırlanmış piroq

Alfred Hiçkokun dolu bədəni onun yeməyə olan sevgisini düzgün şəkildə təcəssüm etdirmir və onun saatlarla yeməyinə səbəb olan bir çox təam var. Onun piroqlara olan sevgisi, xüsusilə donuz əti, soğan, yumurta və süddən hazırlanmış piroqlar artıqçəkili olmasının əsas səbəbidir. 

Motsart: Qaraciyər küftəsi və kələm turşusu

Şəxsi məktublarında Motsart öz sevimli yeməklərindən tez-tez bəhs edirdi. O, ballarda təqdim olunan bütün dadlı yeməklərdən danışmağı xoşlasa da, bəstəkarın ən çox sevdiyi yeməyin qaraciyər küftəsi ilə kələm turşusu olduğu deyilir.

Albert Eynşteyn: Makaron

Albert Eynşteyn vegetarian olmazdan əvvəl də ət yeməyin mənəvi dəyərlərə zidd olduğunu düşünürdü. Dünyaca məşhur alimin bir məktubda dostuna insanın ətyeyən olmaq üçün doğulmadığını söylədiyi bildirilir. Alimin dostları və ailəsi onun ən çox bəyəndiyi yeməklərin spagetti və fettuççine olduğunu deyirdilər.

Lüdviq Van Bethoven: Şorba və ya pendirli makaron

İstər inanın, istər inanmayın, dünya şöhrətli bəstəkar Lüdviq Van Bethovenin ömrünün çox hissəsini maddi sıxıntı içərisində keçirdiyi deyilir. O, tez-tez isti şorba içməyə üstünlük verirdi. Nə qədər təəccüblü olsa da, onun sevdiyi digər yemək sadə və hər kəsin büdcəsinə uyğun olan pendirli makaron idi.

Çarli Çaplin: Pörtlədilmiş quzu əti və ya karri

Tarixi qeydlərdə göstərilir ki, Çarli Çaplin pörtlədilmiş quzu ətini çox sevirdi. Onun sevdiyi digər yemək isə o dövrdə İngiltərədə çox populyar olan karri idi.

 

 

Mənbə:

https://feast.media/favorite-meals-of-your-favorite-historical-figures