Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən bu ilin 1-15 Noyabr tarixlərində keçirilən "FANTAZİA" mədəni irs festivalı zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xüsusi fəallıq və yaradıcıqları ilə fərqləndilər.

3 Dekabr tarixində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri cənab Denis Daniilidis, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşdü və "FANTAZİA" festivalı çərçivəsində Avropalı film rejissorları Robert Rombout və Xavier Solano tərəfindən keçirilən master-klasslarda iştirak edən 14 tələbəyə sertifikatlar təqdim etdi.



Qeyd edək ki, bu tələbələr master-klasslarda çox fəal iştirak ediblər və Bakının “Sovetski” kimi tanınan ərazisinə həsr olunmuş qısametrajlı filmlər çəkiblər.

Həmçinin tədbir zamanı tələbələrə Avropa İttifaqının növbəti layihəsi olan SizinAvropa.az onlayn platformasının təqdimatı keçirildi – bu platforma Azərbaycandan Avropaya pəncərə açan və təhsil, mədəniyyət, həyat tərzi, ətraf mühit və digər istiqamətlər üzrə cəmiyyət üçün ən aktual mövzuları işıqlandıran bir layihədir. Tələbələr könüllü olaraq SizinAvropa.az komandasına dəvət olundular.



Sözügedən layihənin ölkənin digər ali təhsil ocaqlarında da tələbələrə təqdim olunmağı nəzərdə tutulub. Beləliklə jurnalist fəaliyyətinə başlamaq istəyən tələbələr bunu SizinAvropa.az veb platformasının  dəstəyi ilə reallaşdıra biləcəklər.