SÜLH - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. SÜLH - azadlıq, bərabərlik və ədalətdir. SÜLH - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm Potterdamlı “Sülh şikayəti”, XVIII əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”əsərini yazıb. Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldılır. Sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır.


21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də milyardlarla insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.


The Peace Bell in Japan

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.


BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca insanların qorxu, vahimə içərisində yaşaması da davam edir.