Avropa Azərbaycanda

Səfir Onno Kerversin “Dönüş nöqtəsi” adlı foto sərgisi keçiriləcək

2017/12/07 / 702

Dekabrın 11-dən  The Landmark Hotel və Business mərkəzinin Rotunda zalında Niderland Krallığının Azerbaycandakı səfirliyinin dəstəyi ilə cənab səfir Onno Kerversin “Dönüş nöqtəsi” adlı fərdi sərgisi keçiriləcəkdir. Yanvar ayının əvvələrinə qədər keçirələcək sərgidə müəllifin səfir kimi fəaliyyət göstərdiyi son doqquz ildə Cənubi Amerika, Türkiyə və Azərbaycanda çəkdiyi fotoları təqdim olunacaq. Bu, cənab səfir Onno Kerversin ilk peşəkar və arzusunun gerçəkləşdiyi foto sərgidir.


50 illik həvəskar fotoqrafiya ilə məşğul olan səfir ilk təcrübəsini bölüşür: “İlk foto çəkilişlərim “Kodak Instamik” adlı fotokamera ilə 60-ci illərin ikinci yarısına təsadüf edir. Mənim fotoqrafiyaya olan marağım təkcə çoxlu sayda çəkilən fotolarla deyil, həmçinin fotoqrafiyanın tarixi və texniki imkanlarından irəli gəlirdi.”

Onno Kervers ilham aldığı fotoqraflar haqqında isə bu fikirdədir: “Mən bir çox məşhur fotoqrafların yaradıcılığı ilə həm sərgilərdə, həm də kitablarda tanış olmuşam. Amma mənim diqqətimi müxtəlif janrlarda çalışan dörd ustad fotoqraf cəlb etmişdir:

Ansel Adams - şübhəsiz, təbiət və mənzərə janrının kralıdır. Müasir arxitekturaya gəldikdə isə Ezra Stoller, zənnimcə, heç kimlə müqayisə edilə bilməz. Şəhər və küçə həyatının təsviri janrında Ara Gülər və Henri Kartier-Bressona üstün gəlmək asan deyil. İstanbulun küçələrində dolaşmaq sevgim məhz Ara Gülərin fotolarından ilhamlanır.”


Sərginin adını necə seçdiyini səfir Onno Kervers belə izah edir: “Sərginin sərlövhəsi Kartier-Bressonun məşhur devizi olan “Dönüş nöqtəsi”ndən götürülüb. Mən cürət edib deyə bilmərəm ki, mənim fotolarım Kartier-Bressonun məşhur fotolarına bərabərdir. Amma sizi əmin edə bilərəm ki, sərgidə öz əksini tapacaq fotolar yaşadığım, səyahət etdiyim və səfir vəzifəsində xidmət etdiyim ölkələrdə keçirtdiyim hisslərin, düşüncələrin və emosiyaların təzahürüdür. Bu sərgidə Triptik-a yaradaraq köhnə və yeni Bakı, Azərbaycan, Türkiyə, sehirli İstanbul, Atlantik okeanın o tayında yerləşən Cənubi Amerika: Peru, Venesuela və Kolumbiyanın sehirli realizmi ilə tanış olacaqsınız”.


 Onno Kervers fotoqrafiya ilə bağlı fikirlərini Susan Sontag-dən sitat gətirməklə yekunlaşdıraraq bildirdi: “ 1977-ci ildə Susan Sontag məşhur “Fotoqrafiya” adlı essesində belə yazıb: “Son zamanlar fotoqrafiya rəqs və seks kimi əyləncə vasitəsinə çevrilərək geniş tətbiq olunur ki, buda öz növbəsində fotoqrafiyanın digər kütləvi sənət növləri kimi incəsənət formatından uzaqlaşdırır. Bu daha çox sosial rütbə, güc aləti, təşviş əleyhinə müdafiə xarakteri daşıyır”.

Amma bu deyilənlərdən artıq 40 il keçib və müasir smartfon dövründə bunlar artıq həqiqət sayıla bilməz.


Mən hələ də Ansel Adams tərəfindən ifadə olunmuş hisslərə romantik nəzər keçirməyi xoşlayıram: “60 il bundan öncə fotokameranın lentində həkk olunmuş insanların obrazları hələ də canlıdır, realdır… Mən onlarla birgə bu xiyabanda gəzirəm, onlarla birgə otaqdayam, pəncərədən çölə və içəriyə nəzər salıram və sanki onlar da məni öz növbəsində hiss edirlər.”

Eyni zamanda qeyd etmək istərdik ki, 22 dekabr 2017-ci il, saat 16:00-da, “The Landmark” Hotel və Business mərkəzində cənab səfir Onno Kerversin Azərbaycanlı gənc fotoqraflar üçün Masterklass təşkil olunacaqdır.