Avropada Təhsil

Ruqiyyə Ələsgərova: “Açıqlıq, tolerantlıq, hər kəsə hörmət və kütlənin arxasınca irəliləməmək – budur mənim üçün Avropa dəyərləri.”

2017/07/28 / 93

“Açıqlıq, tolerantlıq, hər kəsə hörmət və kütlənin arxasınca irəliləməmək – budur mənim üçün Avropa dəyərləri.”

Tarix boyu qərb ilə şərq arasında mübahisəli və özünəxsus yeri olan Macarıstan daim Avropaya pəncərə rolunu oynayıb. Roma İmperiyası ilə Avrasiya çöllərindən olan köçəri tayfaların, daha sonralar katolik qərblə Osmanlı İmperiyasının dəfələrlər toqquşduğu məkan sayılan Macarıstan uzun müddət Avstriya ilə birlikdə Avropanın şərq sərhədlərini və onlarla xalqı idarə edirdi. II Dünya Müharibəsindən sonra Varşava Paktına daxil olan Macarıstan, 1989-cu ildən etibarən Avrointeqrasiya siyasətini götürərək 1 may 2004-cü ildə Avropa İttifaqına üzv olur.

Azərbaycanlı gənclərin Macarıstana olan marağının ən əsas hissəsi təhsil və səyahətdir. Belə ki, 90-cı illərdən başlayaraq bir çox Azərbaycanlı gənclər Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetində təhsil almağa başlayır. Daha sonra bu maraq Macarıstanın digər univrsitetlərinə də artmaqda davam edir. 2015-ci ildən etibarən Macarıstan 200 Azərbaycanlı tələbəni qaəbul edərək öz tərəfindən təhsil xərclərini qarşılamaqla yanaşı tələbələri yataqxana və aylıq təxminən 42000 Macarıstan forinti məbləğində təqaüdlə təmin etmək barədə razılıq verib.

Mühasibimiz də məhz hal-hazırda Macarıstanın Dyör şəhərində Szechenyi Istvan University Marketinq üzrə magistr təhsili alan Ruqiyyə Ələsgərovadır.

Ruqiyyə xanım salam. Zəhmət olmasa oxucularımıza özünü təqdim edin.

Mən – Ruqiyyə, Azərbaycan Neft və Sənaye Universitetinin Biznesin İdarə Edilməsi üzrə bakalavr təhsili almışam. Daxilən psixoloq, maraq dairəm isə sosiologiyadır. Hekayələr yazıram, küçədə insanların fotolarını çəkirəm və marketing üzrə magistr təhsil alıram. Bu mənim bilik və bacarıqlarımı birləşdirən və gəlir əldə etmək üçün seçdiyim ən uyğun ixtisasdır.

Siz nə qədər müddətdir ki, Macarıstanda yaşayırsız?

9 aydır ki, Macarıstandayam amma elə gəlir ki, daha çox müddətdir ki, burdayam.

Niyə görə məhz Macarıstanı seçdiz?

Macarıstan əhalisinin sayına, ərazisinə və keçmişinə görə Azərbaycana çox bənzəyir. Uzun müddət Macarıstan Azərbaycan kimi sosialist blokunun təsiri altında olub. Ancaq bir anlığında Macarıstan, düşdüyü çuxurdan çıxaraq Avrointeqrasiya yolunu götürüb. Mənə maraqlı olan da dediyim “bu anın” öyrənilməsidir.

Ruqiyə xanım, Macarıstan təhsili hansı fərqliliyə və üstünlüyə malikdir?

Təxəyyülən Macarıstan təhsilini iki hissəyə ayırmaq olar – Avropa idrakı və Sovet sərtliyi. Belə ki, Avropa idrakında olan professorlar daha çox praktikaya meyl edir, tədris etdikləri predmetin və tələbənin uğurunda şəxsən maraqlıdırlar. İl ərzində bu günə qədər təqdim etdiyim 6 layihənin heç biri, məsələn kurs işi kimi, nəzəri olmayıb. Bu layihələr reklam agentliklərin və ya marketinq şirkətlərinin təqdim etdikləri işlərin eyniləri olub. Sovet professorları isə daha çox nəzəri biliklərə üstünlük verir. Bunu da Azərbaycanda təhsil alan tanışlarımın təcrübəsindən bilirəm.

Bəs, tələbə həyatı barədə nə deyə bilərsiz?

Azərbaycan təhsili görən və “texniki tərəfdən biz o qədər də pis deyilik” tərzdə düşünən insan kimi mənə bu barədə danışmaq çətindir. Çünki, burdakı elmi-texniki layihələri görüncə gözlərim bərəli qalırdı. Bir il ərzində mən süni yaradılmış əl gördüm, daha sonra nəhəng sement parçasını bir əl ilə qaldırmağa imkan verən kimyəvi məhlullarla tanış oldum. Bütün bunlarım hamısı tələbələr tərəfində hər il keçirilən elmi sərgi üçün hazırlanmışdı. Audi avtokonsernin zavodunu ziyarət edərək avtomobillərin hazırlanmasını lap yaxından, əyani şəkildə gördüm.

Bakı ilə müqayisə etsək, məsələn, bəli mən Bakıda da neftçıxarılmasında iştirak etmişəm, lakin o proses ilə hamı tanış olmağa buraxılmırdı. Burada isə – elmi sərgiyə istəyirsənsə, buyur. İstəmirsənsə - ən tanınmış şirkətin ən yaxşı marketoloqunun seminarında iştirak edə bilərsən. Bu da ildə bir dəfə yox, hər həftə keçirilir. Tələbə üçün bundan gözəl motivasiya nə ola bilər?

Ruqiyyə xanım, bəs macar gənclər necə əylənir?

Bu suala cavab yuxarıda qeyd etdiklərimdən bir az fərqlənəcək. Belə ki, macarların həftəsonu yerli pablarda alkoqollu içkilərlə keçir. Burada ən məhşur Balaton Festivalı keçirilməsinə baxmayaraq, yerli kiçik və orta səviyyəli festivallara daha çox “yeni gənclik”, yəni 35-50 yaşlı insanlar qatılır. Konsertlərdə, operada, teatrda da həmin səhnəni müşahidə etmək olar.

Bu vəziyyəti gənclərin az olması ilə izah etmək də olmur, çünki Qərbi Avropa ilə müqayisədə Macarıstanda gənclər daha çoxdur. Macarıstan əksər əhalisi gənc olan Azərbaycanla Qərbi Avropa arasındakı qızıl ortadır.

Macarıstan tələbə həyatına və ümumiyyətlə cəmiyyətinə inteqrasiya sizin üçün çətin idimi?

Həm hə, həm yox. Qeyd edim ki, ilk gündən qlobalizasiya adaptasiya prosesinə çox yardım oldu. Baxmayaraq ki, mənimlə macarları 4 saatlıq uçuş ayırır, biz eyni hit musiqiləri dinləyirik, eyni bestsellerlər oxuyuruq və eyni şəkildə yerli “Starbucks”-da “wi-fi”-dən istifadə edirik. Bu səbəbdən çətinlik yox idi.

Ancaq, macarlar öz dillərinə çox bağlı xalqdı. Belə ki, bir masa arxasında iki macar və digər xalqların nümayəndələri varsa, bir neçə dəqiqədən sonra masa arxasında söhbət edənlər iki hissəyə ayrılır – iki macar öz dilində danışır, digərlər isə ayrı. Bunu hətta bir neçə dəfə sosioloji təcrübə kimi müxtəlif insanlarla sınamışam.

Sizin üçün Avropa nədir? Sizin üçün bu hansı dəyərlərin məcmusudur?

“Sərbəstlik” desəm təkrarçılıq olarmı? Mən bunu şəxsi sərbəstlik deyil, cəmiyyətin azadlığı kimi deyirəm. Belə ki, Azərbaycanda biz çoxlu sayda felin vacib şəklində istifadən edilən sözlərlə əhatə olunmuşuq. Azadlıq isə insana özünü verərək, hər birimizi fərqli edir. Bakıda mənə böyümək, yaşlanmaq çox qorxulu gəlirdi. Belə ki, böyülüyün dalıyca qocalıq gəlir. Avropada səyahət etdikcə isə, böyüməyin elə də qorxulu olmadığını anlayırsan. Çünki, burada rok-festivalda yanında 50 yaşlı qadının əyləndiyini görüncə və ya kafedə sənlə qonşu masada iki 45-50 yaş arası olan qadının müxtəlif dəb kolleksiyaları barədə mübahisəsini eşitdikcə anlayırsan ki, insanı yaş qocaltmır. İnsanı cəmiyyətin ona tətbiq etdiyi “yaş damğası“ qocaldır. Təfəkkür də məhz azadlıqdan formalaşır. Bu da cəmiyyətin fərqli və yeni düşüncələrə olan tolerantlığının əsasıdır.

Ruqiyyə xanım, bəs siz özünüzü Avropaya aid edirsinizmi? Sizcə Azərbaycanda Avropa dəyərlərinin möhkəmlənməsi üçün nə gərəkdir?

Açıqlıq, tolerantlıq, hər kəsə hörmət və kütlənin arxasınca irəliləməmək – budur mənim üçün Avropa dəyərləri. Bunun üçün isə təhsildə islahatlara, Azərbaycanı daha yaxşı həyat üçün tərk etmiş zəkaların geri qayıtmaları üçün eyni şəraitin yaradılmasına, elm və yaradıcılıq üçün münbit mühitin formalaşmasına və cəmiyyətdə sərbəst düşüncənin formalaşmasına ehtiyac var. Bu nə qədər qeyri-real görsənsə də bu belədir.