Avropa Azərbaycanda

Mingəçevirdə Aİ Günləri

2019/05/20 / 434

“Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyi münasibəti ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi (Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri və Aİ-nın layihələri ilə birlikdə) 21-22 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Mingəçevir şəhərinə səfər edəcək və “Mingəçevirdə Aİ Günləri” adlı növbəti tədbiri təşkil edəcəkdir. Aİ-nın fəaliyyətləri barədə maariflənmə səviyyəsini artırmaq məqsədi daşıyan bu tədbir çərçivəsində əsas diqqət Azərbaycanda həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən layihələrə yönəldiləcək.

Mingəçevir və qonşu rayonların sakinlərini 21 may tarixində (saat 16:00-19:00) Mingəçevirdə yerləşən Səməd Vurğun meydanında (açıq havada) keçiriləcək möhtəşəm “EU4YOU” tədbirinə qatılmağa dəvət edirik. “EU4YOU” tədbiri regionda və ətraf ərazilərdə Aİ-nın fəaliyyətləri barədə ətraflı məlumat almaq istəyən hər kəs üçün açıqdır. Layihə təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, enerji, “Gənc Avropa səfirləri” təşəbbüsü və s. mövzuları əhatə edəcək. Həmçinin ziyarətçilər Avropa ölkələri, onların mədəniyyət və ənənələri, o cümlədən mətbəxi, təhsili və turizm imkanları barədə məlumat almaq imkanı əldə edəcəklər. “EU4YOU” tədbiri saat 19:30-da Bakının “Meridian” rok qrupunun konserti ilə yekunlaşacaq.

Aİ-nın Nümayəndəliyi “Mingəçevirdə Aİ Günləri” tədbirinin tərkib hissəsi kimi, 22 may tarixində Aİ-nın üzv dövlətləri və Aİ-nın maliyyələşdirdiyi layihələr ilə birlikdə, Mingəçevir  Dövlət Universiteti, “VET” məktəbi və Mingəçevirdə yerləşən orta məktəblərdə təqdimatlar keçirəcək. Həmçinin Aİ-nın Nümayəndəliyi Mingəçevir  Dövlət Universitetində 400-dən artıq kitab təqdim etməklə “Aİ Kitab guşəsi”ni də açacaq.

“Aİ Günləri” ərzində ölkəyə gələn qonaqlar Mingəçevir şəhərinin rəsmiləri ilə görüşəcək və “Tvinninq” proqramı çərçivəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında İcbari tibbi sığorta sistemi, eləcə də Samux rayonunun kəndində “Aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı (SEEDS) layihəsi” çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən iki sahəni ziyarət edəcəklər. Həmçinin proqrama Aİ-nın Azərbaycanda maliyyələşdirdiyi layihələr barədə yerli jurnalistlər üçün mətbuat konfransının keçirilməsi daxildir.

 “Mingəçevirdə Aİ Günləri” proqramı haqqında daha ətraflı məlumat üçün Aİ Nümayəndəliyinin aşağıdakı “Facebook” səhifəsinə daxil ola bilərsiniz:

https://www.facebook.com/EUDelegationtoAzerbaijan/.

 

 

Avropanı regionunuzda kəşf etmək üçün bizə qoşulun!