Avropa Azərbaycanda

Azərbaycanda alman irsinin izləri və memarlığı adlı sərgi keçiriləcək

2018/12/12 / 400

Almaniya-Azərbaycan  dostluğunun 200 illik yubileyinə həsr olunan “Germanaijan” sərgisi Kapellhausda açılır

"Germanaijan" -  Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında  Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?

Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və  Goethe-Zentrum Bakının/ Kapellhaus dəstəyi ilə təşkil edilir

"Germanaijan" sərgisinin kuratoru Əsli Səmədovanın  qeyd etdiyinə görə, sərgi iki ölkənin adını:  Almaniya və Azərbaycanı birləşdirir. Sərgi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb. Bu xüsusda Siemens Tarixi İnstitutu  və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi , habelə ayrı-ayrı şəxslərin göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələri işıqlandırmaqda əvəzsiz kömək oldu. Azərbaycanlı şairə  Leyli Salayeva  və alman rəssam  illüstrator Kseniya Finkin birgə layihəsi olan sərgi Azərbaycanda ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir. 

Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Sənətkar və dokumentalist-fotoqraf  Çinarə Məcidovanın video-işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin landşaft memarlığında alman izləri görünür, "Qismət" adlı bədii-videoda isə Bakıda alman memarları tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır.

Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf Tom Marsden-in hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsini  də təqdim edir.

Memarlıq mövzusu "Germanaijan"ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.

Sərgi, 13 dekabr 2018, 19:00-da, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 16 fevral 2019 tarixinə qədər davam edir.

Ünvan: Kapellhaus (28 May küçəsi, 35). Bakı, Azərbaycan

 

Sərgi saatları: Çərşənbə axşamı -şənbə, 13:00 - 19:00

Giriş sərbəstdir