page-cover

Günel Yaşar: “Ey 18 yaşlı dostlar, böyüdünüz, azadsınız və dünyanı kəşf etməyə bugün başlayın!”

59 Avropada Təhsil 2017/08/16

Kiçik yaşlarımdan anam həmişə bizə deyərdi ki, istəyirəm hamınız xaricdə oxuyasız, başqa ölkələrə səyahət edəsiniz. Həmişə də həyətlərindəki bir xanımı mənə misal göstərirdi. Bu xanım çox oxuyurdu, sonra həkim oldu, indi də xaricdə təhsilini davam elətdirir. Mənim o zaman 10 yaşım var idi. 10 yaşındakı mən üçün xaric başqa aləm idi, ən böyük arzum idi oralara getmək, orada oxumaq.

18 yaşım olan kimi qaçaraq xarici pasport aldım və mənim tək səyahətlərim də elə o vaxtdan başladı.

2011-2012-ci illərdə ətrafımda elə də çox adam yox idi - xaricdə oxumağa gedən və ya 18 yaşında tək səyahət edən. Almaniyada bir proqram tapdım və bu proqramla 10 günlük bir səyahətimə hazırlaşmağa başladım. Həyatımda olmadığım qədər həyəcanlı idim. Əlbəttə ki, şəkərbura paxlava da aparmışdım özümlə.

Avropanı kəşf etməyə başladım. Tək başına böyük bir şəhərdəyəm və Berlindən Frankfurt Oderə tək getməliyəm. Gözlərim böyüyürdü bunu düşünəndə, elə çətin bir şey kimi gəlirdi ki, mənə - düşünürdüm indi azacam və bir daha heç kim məni tapa bilməyəcək. Almaniya küçələrində it-bat olacam. Amma əlbəttə ki, hər şey göründüyündən asan idi. Mən getməli olduğum yeri tapdım. Avropada səyahət səmərəliyi, hər şeyin sistemli şəkildə olması məni heyrətləndirdi. Hər şey əslində o qədər sadə idi ki.. Asanlıqla lazım olan ünvana çatdım.

İştirak etdiyim tədbirdəki mövzumuz təbiət olduğu üçün fermada qalırdıq. Göl kənarı, meşənin ortası - çox gözəl yer idi. Mən yeni insanlar gördüyüm üçün özümü çox həyəcanlı hiss edirdim. Burada çoxlu fikir mübadilələri aparırdıq, ilk günlər ailəm üçün darıxırdım, söhbətlərdə çox iştirak etmirdim. Sonra daha rahat olmağa başladım və orada ən balaca mən olduğum üçün hər kəsdən xüsusi diqqət görürdüm. Əla dostlar qazandım, ilk xaric təcrübəmi yaşadım. Oradan qazandığım dostlarla daha sonra da görüşdüm, skypeda da danışdıq. İndi də bir birimizlə əlaqədəyik, halbuki artıq o zamandan 5 il keçib.

Bu cür proqramlar, bildiyim qədəri ilə hal-hazırda da var. Erasmus+ proqramlarında bacardığınız qədər iştirak edin, müxtəlif proqramlarla maraqlanın, hər zaman yeni bir şeylər tapdığınızda dostlarınızı bilgiləndirin. Səyahət edin. Avropanı kəşf edin və görəcəksiniz ki, niyə biz məhz Avropa həm şəxsi, həm ictimai inkişafımız üçün ən uğurlu istiqamətdir. Çağdaş təhsil, mədəniyyət və dəyərlərə sahiblənmək üçün Avropa ən uğurlu məkandır. Həmçinin çalışın tək, belinizdə çantayla səyahət edin. Tək səyahət hər zaman sizə yeni bir şeylər qatacaq, yeni dostlar bizləri hər zaman daha tolerant edir. Mən əminəm ki, buradan qazandığım təcrübə məni daha sonrakı səyahətlərimə, təhsilimə təsir etdi. Elə bu səbəbdən də - Ey 18 yaşlı dostlar, böyüdünüz, azadsınız və dünyanı kəşf etməyə bugün başlayın!