Avropaya səyahət

“Zümrüd ada” ya virtual səyahət

2018/03/06 / 144

«ZÜMRÜD ADA»


İrlandiyaya ona görə belə deyirlər ki, çoxlu leysan yağışları yağdığından hər yan yamyaşıldır. Mənzərəli göllər, çaylar, sahilboyu uzanan yaylalar və dərə-təpələr onun təbii gözəlliyinə gözəllik qatır.

İrlandiya turistlərin ən çox getdiyi yerlər arasında ilk gözə çarpan ölkə olmaya bilər. Lakin oraya səyahət edən turistlər əminliklə söyləyir ki, İrlandiya sizə bütün dərdinizi və qəminizi unutdurmaq üçün ideal ölkədir. Əgər daha çox təcrübə toplamaq və tarixi abidələri ziyarət etməyi xoşlayırsınızsa, onda doğru ünvandasınız!

Əsl "Giunnes" pivəsi, meqalitlər, zümrüd rəngli təbiətin və ağ okean dalğalarının fonunda orta əsr qəsrləri İrlandiyaya səyahət üçün turistlərə təklif edilən vədlərin ancaq bir hissəsidir. Böyük tarixə malik İrlandiyada həqiqətən də bizim günlərə qədər qorunub saxlanılan qədim abidələr beşiyidir.

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Onu zümrüd ölkəsi də adlandırırlar.

Ada iki hissədən — Birləşmiş Krallığın tərkibində olan Şimali İrlandiyadan və ərazisinə görə daha böyük olan müstəqil İrlandiya Respublikasından ibarətdir.

Burada həmişə yağışlı, dumanlı və küləkli hava şəraiti müşahidə olunur. Qışı yumşaq, yayı isə soyuq və buludlu keçir. Ən soyuq aylar yanvar, fevral, ən isti aylar isə iyul və avqustdur. İl ərzində temperatur nadir hallarda +4-dən aşağı düşür, yayda isə +23-dən də yuxarı qalxmır. Qar nadir hallarda yağsa da tez əriyir. Hətta, irlandlar öz aralarında zarafat edib belə deyirlər: “Yay qışdan yalnız yağışa görə fərqlənir. Yayda isti, qışda isə soyuq yağışlar yağır”.

Ona görə də, İrlandiyaya səfər üçün ən ideal vaxt yay aylarıdır. Əgər sizi çiskin hava qorxutmursa, onda İrlandiyaya may-iyun və sentyabr aylarında, əcnəbilərin axını zəiflədiyi bir vaxtda da səyahət edə bilərisiniz.


Dünya şöhrətli irland pubları


Əyləncəli irland pubları Avropada xüsusilə taxta dizaynı, rəngarəng konsepsiyası, müxtəlif içki növləri, ən başlıcası isə “Guinnessi” pivəsiylə olduqca məşhurdur. İndi isə ağlınızda canlanan bu konsepsiyaya coşqulu və xoşbəxt irland izdihamını, inanılmaz dərəcədə əyləncəli milli musiqilərini, rəqs etmədən dayana bilməyən istiqanlı insanları və ölkənin hər bir şəhərinə xas olan yüzlərlə spirtli içki növlərini əlavə edin. Əsl irland pubları belə olur. Pub cənnəti kimi tanınan “Tampl Bar” isə Dublinin mərkəzində yerləşir. Bu, içki kolleksiyaçıları üçün İrlandiyaya getmək səbəbləri arasında ulduzlu maddələrindən biri olacaq.

Turistlərin ən çox axın etdiyi “The Tampl Bar” şəhərin rəmzinə çevrilib. Küçə boyu uzanan pub zəncirində bəzi “Ginnes” və “Jameson” kimi irland zavodlarının xüsusi içkiləri təklif edilir. İçkilərin hamısının dadına baxın və həyatdan zövq alın. Yeri gəlmişkən, irlandlar içki içəndə də ayıq olur.


Irland musiqisi


İrland içkiləri çox məşhur olsa da, pubları musiqi olmadan təsəvvür etmək mümkün deyil. Amma irlandlar canlı musiqyə daha çox üstünlük verir. Utanmasalar, gecə klublarında da səhərə qədər çalıb-oxuyarlar. Odur ki, yolunuz İrlandiyadan düşəndə lövhələrdə “Irish Live Music” (Canlı irland musiqisi) sözlərini görəndə təəccüblənməyin.

İrlandiya musiqiləri sürətli tempi və bir-birinə oxşar mahnılar olduğuna görə uşaq mahnılarını xatırladır, lakin oynaq ahəngi sizi ayağa qalxıb rəqs etməyə vadar edir.





Təbiət mənzələri



Saymaqla bitməyən təbiət gözəllikləri bu fantastik ölkəyə getmək üçün ən böyük və əsas səbəb ola bilər.

İrlandiya turlarında ən çox üstünlük verilən məntəqələr: Moher uçurumları, nəhənglərin vulkanik ayaq izləri, 2 yüz illik ağacları, böyük və iki gölün arasında qalan Qlendalox dağlarıdır.







Atlantik Okeanının uçurumları boyu uzanan körpüdə yerimək həm qorxulu, həm həyəcanlıdır, həm də əsl adrenalin yaşadır. Adaya aparan bu körpü üzərində yerişi unutmaq mümkün deyil.







6-cə əsrdə St. Kevin tərəfindən inşa edilən və xristianların müqəddəs yeri olaraq qəbul edilmiş monastırdan qalan divara həkk olunmuş xaça toxunub bütün günahlarınızı sildikdən sonra göllərə doğru yürüşə çıxa bilərsiniz.





Nəhənglərin ayaq izləri


Nəhənglər cığırı Şimali İrlandiyanın şimal sahillərində yerləşir. Əfsanəyə görə, Giants Kausevey irlandiyalıların ingilislərə qarşı apardığı mübarizə illərində İrlandiyanı xilas edən nəhənglərin ayaq izlərinin olduğu yoldur.

Geoloqlar isə 40.000 ədəd beşguşəli, altıbucaqlı və yeddibucaqlı fiqurların 60 milyon il əvvəl vulkanik hadisələrin nəticəsində lava seli ilə dənizin qovuşmasından yarandığını deyir. Bu cığır minlərlə bazalt daş sütunlardan ibarətdir və qədimdə dəniz suyuna qarışan lavanın soyuması nəticəsində yaranıb. Təbiət möcüzəsi nəticəsində yaranmış yolda nəhənglərin ayaq izlərinə baxıb onları xəyalən təsəvvür etmək də sizin öhdənizə düşür...


Qəsrlər




İrlandiya keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. Çünki burada yerləşən qəsrlərə yalnız baxmaq yox, eləcə də nömrə sifariş edərək, özünüzü lap qədim zamanlarda hiss edə bilərsiniz. Demək olar ki, hər qraflıqda qəsr yerləşir: Kelduill, Bellintobir, Kerraykfirqus, Kpokxen. Orta əsr feodal qəsr və malikanələrinin sayına görə ola bilsin ki, İrlandiya Avropa ölkələri arasında birinci yer tutur. Təkcə, Kler qarflığında onların sayı 200-ə barəbərdir. Ümumilikdə isə ölkədə irlandlar, ingilislər və şotlandlar tərəfindən inşa edilən 350-dən çox qalalar var.





İrlandiya mətbəxi




İrlandiya mətbəxi qədim, sadə və doyumludur. İrlandiyaya əhalisi kartofla tanış olana qədər ət, balıq, süd və dəniz məhsullarından istifadə edirdilər. Kartofun İrlandiyaya gətirilməsi ilə, bu xalqın mətbəxində yeni dövr başlayıb. Demək olar ki, irland mətbəxinin əsas ərzaqlarından biri olub. Hazırda milli irland yeməklərinin əksəriyyəti kartofdan hazırlanır. Misal üçün, kartof çörəyi, soğan sousunda kartoflu qoyun döş əti və kələmli kartof püresi. Müxtəlif ərzaqları qarışdırmaq adəti irland mətbəxinin zəngin olmasına gətirib çıxarıb.







Qədim irland mətbəxinin özəlliklərindən biri də ev və çöl quşunu əvvəlcədən basdırma etmədən bişirmələri olub. Quşun içalatını təmizləmədən üstünə gil sürtüb, ocaqda qızardırdılar. Sonra gillə birlikdə quşun dərisini də çıxarırdılar. Buna görə də, əvvəlcədən basdırma etməyə ehtiyac qalmırdı. Çörəyi, adətən, yulaf və arpadan hazırlayırdılar.








Şorbalar irland süfrəsində xüsusi yerə tutur. Bir neçə balıqdan istifadə etməklə, qeyri-adi dada malik şorbalar hazırlayırlar. Yulafdan və xoruz ətindən hazırlanan sulu yeməklər isə irland mətbəxinin məşhurlarındadır. İrland mamırından hazırlanan şirniyyatlarsa qeyri-adiliyi ilə fərqlənir.





İrlandiya haqqında 6 maraqlı fakt

1. İrlandiyada bir dənə də ilan yoxdur










İrlandiya buz dövrünün baş verdiyi coğrafi əraziyə düşdüyünə və soyuq iqlimi olduğuna görə, adada ilan yoxdur


2. Yüksək rifah səviyyəsinə sahibdirlər      
















“The Economist” dərgisinin yayımladığı rəqəmlər bunu təsdiqləyir. Dərginin 111 ölkədə apardığı həyat səviyyəsi araşdırmalarında İrlandiya birinci yerə çıxıb. Həyat səviyyəsinə maddi rifah, sağlamlıq, siyasi sabitlik, ailə həyatı (boşanma səviyyəsi), ictimai həyat, iqlim və coğrafiya, işsizlik səviyyəsi, siyasi azadlıq, qadın və kişi bərabərliyi daxildir.    


3. İrlandiyanın rəsmi dilində “hə” və “yox” sözləri yoxdur 
















İrlandiyanın rəsmi dili olan irlandcanı (galce) əhalisinin 40%-i yaxşı bilir. İrlandiya dilini ingiliscə ilə qarşılandıranda qəribə situasiya yaranır. “Hə” və “yox” sözlərinin irlandca qarşılığı tapılmır. İrlandiyalılar hə-yox cavabı verilə bilən sualları feli təkrar edərək cavablayırlar. Məsələn, “Evə gedirsən?” sualına “hə” deyil, “gedirəm” deyə cavab verirlər.          


4. Ölkənin qoruyucusu müqəddəs deyil, irlandiyalı da deyil!      


















İrlandiyanın qoruyucusu sayılan Müqəddəs Patrik haqqında əfsanələr mövcuddur. Onun varlı bir ingilis ailənin uşağı olduğu, 16 yaşında olanda irland işğalçılar tərəfindən qaçırılaraq ora gətirildiyi deyilir. Altı il əsarət altında qalandan sonra ölkəsinə qaçır, amma yuxusunda missioner kimi yenidən İrlandiyaya getdiyini görür və beləcə rahib olur.    


5. Əhalisinin sayı 6 milyon olsa da, dünya üzrə 80 milyon insan irland olduğunu iddia edir  

















İrlandiyada ümumilikdə 6 milyon insan yaşayır. Ancaq 1845-ci ildə iqtisadi böhran yaranır. Buna “Böyük qıtlıq” və ya “İrlandiyada kartof qıtlığı” dövrü də demək olar. Milyonlarla insan aclıqdan və ya xəstəlikdən dünyasını dəyişir. Əksəriyyət isə Amerika, Kanada, Avstraliya, Avropaya köçür. Hazırda dünyada 80 milyon insan irland olduğunu iddia edir.   


6. Pivə istehlakında dünya ikincisidir  












Statistikaya görə, burada hər il 35 qallon pivə istehlak olunur. Bu da adam başına il ərzində 131 litr pivə deməkdir.      


Müəllif: Punhan Sultanov