Avstriya vəhşi heyvanların əyləncə sənayesində istifadə edilməsinə qadağa qoyan ölkələr sırasında birincilərdən oldu. Müvafiq qanun artıq 2002-ci ildən bu ölkədə qüvvəyə mindi. Təbii ki, qanunun təsdiqlənməsinə qədər təbiət sevərlər kifayət qədər mübarizə aparmalı oldular.

Digər Avropa ölkələri də bu trendə qoşulmağa başladı. 26 Avropa ölkəsi tam və ya qismən şəkildə heyvanların sirk və zooparklarda saxlanmasına qadağalar tətbiq edirlər. Beləliklə ümummilli qadağaların mövcud olduğu ölkələr siyahısına daxildir:

Avstriya, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, Danimarka, İtaliya, Malta, Hollandiya, Slovakiya, Rumıniya, Xorvatiya, Çexiya, İsveç, Finlandiya və Estoniya. 

 

Qismən qadağaların mövcud olduğu Avropa ölkələri isə bunlardır:

Belçika: Vəhşi heyvanların böyük bir qisminin sirklərdə istifadəsinə qadağa tətbiq olunur. Tutuquşu və dəvələr isə hələki ev heyvanları qismində sıralandığına görə, qanun onlara şamil edilmir.

Almaniya: Leypsiq Almaniyada Berlin, Düsseldorf, Münxen və digər böyük şəhərlərdən sonra bu qadağaya qoşulan 50-ci şəhər oldu. Qadağaların tətbiqi ilə yanaşı Almaniya sirk tarixində bir ilkə imza atdı və real heyvanların yerinə onların holoqram görüntülərinin istifadə olunduğu holoqram sirk trendini yaratdı. Bu təcrübə ilk dəfə "Ronkalli Sirkində" nümayiş olundu və çox uöurlu alındı. 

İrlandiya: Ölkənin 8 böyük şəhəri, paytaxt Dublin daxil olmaqla “heyvanlarsız sirk” rejimində xidmət göstərir.

İspaniya: Matador döyüşlərinin vətəni sayılan günəşli İspaniyanın nə az, nə çox, düz 300 şəhəri heyvanlara qarşı pis rəftarın əleyhinədir. Artıq Madrid də bu siyahıyada yer alır.

Norveç: Norveçdə hələki yalnız Tromsyö kommunası vəhşi və ekzotik heyvanlardan ibarət şoulara qadağa qoyub. Ümid edirik, bu say qısa zamanda artacaq.

Polşa: Artıq 1 ildən çoxdur ki, Varşavada əhilləşdirilmiş heyvanlardan ibarət sirklərə qadağa qoyulub. Polşanın bir çox digər şəhərləri də bu yolda mübarizə aparır. Polşa höküməti hesab edir ki, heyvanlarla sirk uşaqların psixikasına pis təsir edir və erkən yaşlardan onlar bu cür şoulara getməməlidirlər.

Portuqaliya: Ölkənin 2 icra hakimiyyəti  strukturu heyvanlardan istifadə edilən sirklərin dayandırılmasına nail olublar. Bu yolda onlara əsas dəstək və kömək pedaqoqlardan gəlib. Onlar sübut ediblər ki, heyvanlarla pis rəftarın şahidi olmaq uşaqların psixikasını ciddi zədələyir.

Ukrayna: Ukrayna da Avropa ökələrindən geri qalmır və müvafiq mövzunu ciddi şəkildə gündəmdə saxlayır. Artıq bir çox şəhərlər layihəni müzakirəyə çıxarıblar. Qeyd edək ki, Ukraynada sirk və zooparklarla yanaşı delfinariyaların da bağlanması tələb olunur. Buna səbəb keçən il “Nemo” delfinariyasında aparılan yoxlanışlar zamanı aşkarlanan ciddi ekoloji pozuntular olmuşdur.

Estoniya: Estoniya da bu yolda ciddi addımlar atmaqdadır. Tallin, Tartu və Pyarnu artıq öz məkanlarında bu sirklərin fəaliyyətini dayandırıblar.

Digər ölkələrdə isə mübarizə hələ də davam edir və biz inanırıq ki, qısa zamanda bu mübarizə ekosevərlərin qələbəsi ilə nəticələnəcək. Heyvanlar aid olduqları yerə qaytarılacaq.



Yazdı: Könül Hilal