Avropadan salamlar! Mən Səbinə Şərifova, Londonun "Birkbeck" Universitetindә “Tətbiqi dilçilik və kommunikasiya” fakültəsində ikinci magistr tәhsilimi alıram. Oxuculara bura necə gəlib çıxdığımı və Avropada həyat və təhsil barəsində bəhs etmək istəyirəm.



Avropada təqaüdüm və təhsil sistemi
Avropada oxumaq həmişə mənim arzum olub. Əvvəllər Amerikada təhsil alsam da qarşıma qoyduğum böyük hədəfim Avropa idi. Bunun üçün keçən yay “Chevening” Təqaüdünə müraciət etmək qərarına gəldim. Bu çox rəqabətli və nüfuzlu bir təqaüddür və 2019-cu ildə təqaüdün 9 qalibindən biri oldum. Beləcə Avropanın ən güclü akademik mərkəzlərinin birində - İngiltərədə təhsilimə başladım.

Burdakı təhsil sistemi Azərbaycan təhsilindən bir çox cəhətlərilə fərqlənir. Dərslər daha çətin yox, sadəcə müqayisə edilməyəcək dərəcədə fərqlidir. Avropada bütün sistem elə hazırlanıb ki, ilin sonunda həqiqətən bir tədqiqatçı ola bilirsiniz. Burdakı təhsil çoxlu “self-study” tələb edir, yəni ki, öz-özunə oxumaq. Hər müəllimlə keçirilən sessiyadan sonra kitabxanada təxminən 3-4 saat müstəqil oxumağımız nəzərdə tutulub. Buna görə də, Avropa təhsilinin bu qədər unikal olduğunu düşünürəm. Müstəqilliyiniz və tək başına qərar qəbul etməyiniz güclü şəkildə inkişaf etdirilir. Hər dərsdən sonra nə oxuyacağınıza belə özünüz qərar verirsiniz, müəllim sadəcə istiqamət verən birisidir. Bunun üçün tənqidi düşüncəyə sahib olmalısınız ki, enerjinizi dəyərli biliklərə fokuslayasınız.



Avropada həyat tərzim ve çətinliklər
Təbii ki, təhsildən əlavə ətraf mühit də çox fərqlidir. Açığı, London mənim gözlədiyimdən daha da multikulturaldır. Avropa bir çox mədəniyyətin bir yerdə müşahidə edilməsi, müxtəlif adət-ənənələrin öyrənilməsi, bir çox dilin tanınması və mətbəxlərin dadılması üçün unikal yerdir. Əvvəllər tək yaşamaq bir az qeyri-adi idi. Ancaq bir dəfə şəhərin "tempini" tutsanız, daha asan olur. Gündən-günə tamamilə yad bir yeri ev kimi  hiss edirsən, yeni dostluqlar yaradırsan, maraqlı yerlər tapırsan, sevimli kafe, sevimli market… və beləcə, həyat öz axarına düşür. Təkbaşına xarici bir ölkədə olmaq bir az çətindir. Şübhəsiz ki, burada məndən daha çox məsuliyyət tələb edilir, işlərdən yayınma şansım yoxdur. Beləcə, Avropada yaşamaq hər kəsə həm də çox vacib bir həyat bacarığını - vaxtı idarə etməyi öyrədir. Yaşamaq üçün hər şeyi etməlisən, dərslərin üçün çox çalışmalısan, dostlarınla danışmağa vaxt ayırmalısan, amma bunlardan əlavə olaraq bir gənc kimi vaxtından zövq almalısan, əylənməlisən, Avropada bol səyahət etməlisən, və hər şeyə yetişməlisən. Əlbəttə, bəzən stress yaranır, ancaq bunun hamısına həqiqətən dəyər, çünki bilirsiniz ki, bu müvəqqətidir.



Avropada yaşamağın faydası ve öyrənəcəklərimiz
Ümumiyyətlə, xaricdə yaşamaq bir həyat dərsidir. Siz bunu bir dəfə keçirsiniz, amma əbədi xatırlayırsınız. Həyatı görmə bucağınız daha da genişlənir və mədəniyyətlər anlayışı daha da dərinlənir.
Avropa mühiti Azərbaycandan çox fərqlidir. Hər birinin beynimdə öz obrazı var və onlar əvəzolunmazdır. Azərbaycanın qonaqpərvər və doğma abu-havasını sevirəm, amma şübhəsiz ki, Avropadan da öyrənəcəklərimiz var. Burda ən sevdiyim məqam isə daha sağlam bir həyət tərzinin təbliği və buna şəraitin olmasıdır. Vaxtı olan və olmayan hamı idman edir, şəhər yolları velosipedlərə uyğun salınıb və çox sevirəm ki, hətta yaşlı insanlar da səhərlər qaçmaqla məşğuldurlar. İnsanlar yaşıl sahələrə və təbiətə sahib olduqlarını yüksək qiymətləndirirlər və hava soyuq olanda belə ailələri ilə birlikdə parkda əylənmək üçün həmişə vaxt tapırlar.



Məsləhətlər: nədən başlamalı, təqaüdləri necə tapmalı
Xaricdə təhsil almaq istəyən bütün azərbaycanlılara tövsiyəm - ayağa qalxın və axtarın! Bilirəm ki, ən böyük problem həmin xaricdə təhsil imkanlarını araşdırıb tapmaqdır, ancaq məlumatlanmaq üçün həmişə yol var.
Birincisi, medianı dəyərdən salmayın. Sosial şəbəkələrdən boş vaxtınızı öldürmək üçün deyil, xaricdə təhsil elanlarını tapmaq üçün istifadə edin. Çalışın, bu imkanları bölüşən potensial səhifələrin xəbərlərinə abunə olun. Məsələn, Avropa imkanları ilə maraqlananlar bu facebook səhifəsini qaçırmamalıdır: https://www.facebook.com/groups/1762832023967493. Bu səhifə Avropada olan maraqlı tədbirlər, təqaüdlər, və ya qısa-müddətli layihələr haqqında faydalı paylashımlar edir. Paylaşılan elanlarda linklərə keçmək, şərh bölmələrini oxumaq, araşdırmaq üçün tənbəllik etməyin. Facebook-u həm də “networking”  üçün istifadə etmək olar. Çox güman ki, kömək edə biləcək birini rəylərdə tapacaqsınız və faydalı dostluqlar quracaqsınız.

Nəhayət, özbaşınıza araşdırın, əlinizdə ən böyük vasitəniz var - internet! Mənim kimi Avropanı  xəyal edən gənclərə məsləhətim ən məşhur Avropa təqaüdü olan Erasmusun portalını daim izləməkdir: https://ec.europa.eu/programmes/erasmus-plus/opportunities_en. Linkə daxil olun və “opportunities” başlığındakı elanlardan faydalanın! Əlavə olaraq, bütün Azərbaycanlı gənclərin Avropa proqramlarından xəbərdar olmaları üçün böyük portal mövcuddur, ondan da yararlanın: https://www.euneighbours.eu/en. Gördüyünüz kimi fürsətlər çoxdur, bunu etmək mümkündür və qalan hər şey sadəcə və sadəcə bəhanədir. Mütləq ki, sizə də uyğun bir fürsət var. Yeganə sirr - çalışmaqdır.