“Imagine all the people
Living life in peace”

Bu dəfə sizə məhz bu sözlərlə bitən ecazkar bir konsert barədə yazmaq istəyirik: Con Lenonun məşhur “İmagine” (Təsəvvür et) mahnısı və o təsirli sözlər – “Təsəvvür edin ki, bütün insanlar, sülh içində yaşayır ..”

İlk baxışda çox sadə və asan görünən bir fikir, real həyatda bir o qədər çətin və mürəkkəbdir. Müharibələr, savaşlar, günü gündən artan ölüm hadisələri buna bariz nümunədir.

Aqressiya, qəzəb, kin, nifrət və bu kimi məhvedici hisslər bütün insanlığı və birlikdə yarada biləcəyimiz gözəl gələcəyi dağıdır.
Halbuki bütün insanları birləşdirən bir ülvi ünsür var – qəlb!


“Qəlb özünü ifadə etməlidir və musiqi bunun üçün yeganə yoldur”
Müsahibimiz söhbətə məhz bu cümlə ilə başladı. Enrico Zanella, Sciá Sciá” orkestrinin direktoru, musiqiçi, bəstəkar və gitara ifaçısı.

“Sciá Sciá” orkestrini  fərqləndirən əsas cəhət fiziki və əqli məhdudiyyətləri olan insanlarla birlikdə çalışmasıdır. Orketsrin istifadə etdiyi əsas cihaz “Sound Beam” adlanır və məhz bu cihazın köməkliyi ilə, fiziki məhdudiyyətləri olan hər yaşdan insan sensor lövhələr vasitəsilə istənilən musiqi alətində ifa edə bilir.



“Təsəvvür edin, eyni səhnədə müxtəlif insanlar bir musiqi sədası altında birləşir. Məhdudiyyətləri olan insanlar sound beam cihazı ilə ifa edir, digərləri müxtəlif musiqi alətlərində və səhnədə vahid bir harmoniya yaranır. Heç kəsin arasında fərq olmadan. Çünki əslində heç kəsin arasında fərq yoxdur. Hər kəsi birləşdirən bir ortaq dəyər var – Qəlb! ” deyə Enrico əlavə edir.



“Bizim işimiz sadəcə konsertlərin keçirilməsindən ibarət deyil. Biz məhdudiyyətləri olan məktəblərə gedir, orda təhsil alan uşaqlar üçün xüsusi dərs metodologiyası tətbiq edirik.”

İtaliyanın “Nazareno” Sosial Kooperativi əlilliyi olan və olmayan sənətkarları bir araya gətirib, müxtəlif ölkələrdə konsertlər təşkil edir. Sergio Zini, “Nazareno” Kooperativinin prezidentinə bu layihəyəni yaratmağa və icra etməyə təkan verən əsas səbəbin nə olduğunu soruşduqda, o çox qısa şəkildə bir cavab verdi: “Məqsədimiz bütün sərhədləri aradan qaldırmaqdır. Sərhədlər bizim beynimizdə yaratdığımız süni bir məfhumdur. Qəlb - əsas olan budur və o heç bir məhdudiyyət tanımır. Biz isə hər tədbirimizdə bunu bir daha sübut edirilk.”

“Nazareno” Sosial Kooperativi “Sciá Sciá” orkestri ilə yanaşı həm də rəqs və xoreaqrafiya qruplarını, solo ifaçıları da bir araya gətirir. Bura xoreoqraf İrene Stracciatinin rəhbərlik etdiyi “EgoMuto” rəqs şirkəti, Esmeralda Valderramanın direktoru olduğu “DancaMobile” rəqs şirkəti daxildir.



Heydər Əliyev Fondu
, YUNİSEFİtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti Dekabrın ayının 7-də Landmark Biznes Mərkəzinin musiqi zalında, 9-da isə Heydər Əliyev Mərkəzində möhtəşəm bir performans ilə bütün tamaşaçıları bir mənalı şəkildə təsirləndirdilər.
 
Axşama damğasını vuran çıxışlardan biri də Silvia Zarunun ifası oldu. Silvia Milanda yaşayır və səyahət etməyi, yeni mədəniyyətləri kəşf etməyi çox sevir. Gormə məhdudiyyəti olan Silviadan “Cəmiyyətə qısa bir mesaj göndərməyinizi xahiş etsək, nə deyərdiniz” deyə soruşduqda, Silvia bütün nikbinliyi iıə gülümsədi və “Heç nəyi, heç kimi, heç bir hadisəni arzularınza çatmaq üçün, xəyallarınızın ardınca getmək üçün əngəl kimi görməyin. Heç nədən qorxmayın. Xəyal edin və ardınca gedin. Hər anın dadını çıxarın”



Silvia Zaru səhnəyə çıxıb piano arxasına oturduqda, onun bu mesajını daha gözəl anladıq. Enerji dolu səs, bütün zalı ayağa qaldıran ifa heç kəsi biganə qoymadı.
 
Bu layihə, onun yaradıcıları və iştirakçıları haqqında yazmaq istədiklərimiz bir məqaləyə sığmayacaq qədər çox və dəyərlidir. Məhz buna görə də növbəti günlərdə hələ bu mövzuya qayıdacayıq və bu geniş qəlbli insanlar haqqında bir çox maraqlı faktları sizinlə paylaşacayıq. Axı onlar məhz qəlbləri ilə paylaşırlar və əmindirlər ki, insanları birləşdirən və bütün sərhədləri məhv edən yeganə ünsür də yalnız qəlbdir.

Hələlik isə yazımızı yenidən Con Lenonun mahnısından bir bənd ilə tamamlayaq:
“You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one”
 
“Siz düşünə bilərsiniz ki, mən xəyalpərəstəm
Amma mən tək deyiləm.
Ümid edirəm bir gün siz də mənə qoşularsınız
Və bütün dünya bir olar.”

Yazdı: Könül Hilal