Hər il olduğu kimi, bu il də Avropa Komissiyası Avropanın mədəniyyət paxtları olacaq şəhərləri seçdi. 2020-ci ildə bu titulu qazananlar Xorvatiyanın Rijekaİrlandiyanın Galway şəhərləri oldu.

Şəhərlər bu titulu 2020-ci ilin sonunadək daşıyacaqlar.

“Mədəniyyət Paytaxtı titulu sayəsində hər iki şəhər öz mədəni irslərini və həyatlarını daha intensiv nümayiş etdirəcək və millətlərarası münasibətləri yaxınlaşdıracaqlar” deyə Avropa Komissiyasının “Qərb həyat tərzinin təbliği məsələləri” üzrə sədri Marqaritis Sxinas bildirib.

Öz növbəsində, komissiyanın “İnnovasiyalar, tədqiqatlar, mədəniyyət, təhsil və gənclər” sahəsi üzrə üzvü Mariya Qabriel qeyd edir ki, “Bu titulun əsas məqsədi insanları birləşdirmək və dəyərlərin qorunmasında mədəniyyətin sahib olduğu gücü bir daha sübut etməkdir. Avropa İttifaqı məhz bu dəyərlərin üzərində qurulub: müxtəliflik, qarşılıqlı hörmət, və tolerantlıq.”

Rijeka “Mədəniyyət Paytaxtı” tituluna layiq görülən ilk Xorvatiya şəhəridir. 2020-ci il boyunca şəhərdə keçiriləcək tədbirlər silsiləsi “Müxtəliflilik limanı” başlığı altında fəaliyyət göstərəcək. Tədbirlər silsiləsi 40-dan çox ölkəni təmsil edən 250 nümayəndənin iştirakı ilə müxtəlif layihələr, sərgilər, musiqi və kulinariya festivalları, sahil boyunca müasir incəsənət instalyasiyalarını əhatə edir. Tədbirlərin açılış tarixi 1-2 Fevral tarixlərində baş tutacaq.

Galway şəhəri isə bu titula layiq görülən 3-cü İrlandiya şəhəridir. “Mədəniyyət paytaxtı” tituluna 1991-ci ildə Dublin, 2005-ci ildə isə Korka şəhərləri layiq görülüb. 2020-ci il üçün Galway şəhərinin lozunqu “Let the Magic in” olacaq və əsas diqqət miqrasiya, fərqli dillər və irqlər mövzularına yönəldiləcək.

Əsasən dünya ədəbiyyatına həsr olunacaq festival və bədii instalyasiyalar planlaşdırılıb. Galway şəhəri də tədbirlərə Fevral ayında start verəcək.

Qeyd edək ki, “Avropanın Mədəniyyət Paytaxtı” layihəsi 1985-ci ildə Yunanıstanın Mədəniyyət naziri Melina Merkuri tərəfindən təklif olunub. 2019-cu ildə bu titula Bolqarıstanın Plovdiv, İtaliyanın Matera şəhərləri layiq görülmüşdü.

Yazd: Könül Hilal