Almaniyanı digər Avropa ölkələrindən fərqləndirən cəhətlərindən biri də qeyri-adi məkanlarıdır. Misal üçün muzeyləri. Bilirdiniz ki, məhz burada dünyanın ən ağlasızmaz muzeylərinə rast gəlmək olar?

  Schnarchmuseum  (Xorultu Muzeyi)
  Araşdırmalara əsasən dünya əhalisinin böyük bir əksəriyyəti yatarkən xoruldayır. Bura həm qadınlar, həm kişilər, həm qocalar, həm də uşaqlar daxildir.  Bu adətkarlığı olmayan insanlar isə yaranan xorultu səsindən yata bimir və buna qarşı müxtəlif üsullarla mübarizə aparırlar. Aşağı Saksoniyada yerləşən Xorultu muzeyi də məhz bu fizioloji hal ilə mübarizə üsullarına həsr olunub. Yuxu problemləri üzrə mütəxəssis olan alman həkim yüzlərlə eksponatı – dəri maskalar, efir yağları ilə borular, protezlər və s. bir araya yığaraq xorultuya həsr olunmuş muzey yaradıb.


 
   Mausefallenmuseum (Siçan Tələsi Muzeyi)
  Düz oxudunuz, söhbət siçan tələsindən gedir. Əsrlər boyu bu gəmiriciyə qarşı bir çox üsullardan istifadə olunub və sözügedən muzey bütün bu üsulları – ən ibtidai tələlərdən başlamış ən müasir ultrasəs elektron cihazlara qədər - bir məkanda toplayıb. Siçan tələlərinin təkamülü həmçinin müxtəlif foto və illyustrasiyalar ilə nümayiş olunur.


 
   Zusatzstoffmuseum  (Əlavə Qatqılar Muzeyi)
  “Siz yediyiniz qidalara nələr qatıldığını bilirsinizmi?”
Hamburqda yerləşən Əlavə Qatqılar Muzeyinin işçiləri gələn ziyarətçilərə məhz bu sualı verir və elə özləri də cavablandırırlar -  “Düzdür, qatqıların yeri muzeydir, qida yox. ” Məhz bu lozunq altında muzeydə qida qatqıları, onların yaratdığı fəsadlara həsr olunmuş müxtəlif sərgilər və tədbirlər təşkil olunur.

  Bu muzey arıqlamaq istəyənlər üçün xüsusilə tövsiyə olunur. Qatqılar haqqında verilən məlumatlardan sonra iştah kəskin azalır.


 
  Schweinemuseum (Donuz Muzeyi)
  Söhbət ağlınıza gələ biləcək hər növ materialdan hazırlanan donuzlardan ibarət muzeydən gedir. Yerli restorator Erika Vilhelmer tərəfindən yaradılan bu məkan öz sahəsi üzrə dünya lideri olmaqla 50 mindən çox eksponata ev sahibliyi edir. Muzeydə donuzların bioloji xüsusiyyətləri, onların yaşayış tərzi, incəsənətdəki rolları və s. barədə məlumatlar verilir. Həmçinin qonaqlar üçün alman mətbəxinin donuz ətindən hazırlanan təamları təqdim olunur. Narahat olmayın, bu dəfə həqiqi donuz ətindən istifadə olunur.


   
   Kartoffelmuseum (Kartof Muzeyi)
  Münxendə yerləşən kartof muzeyi 8 sərgi zalından ibarətdir. İnklərin sivilizasiyasından başlamış bu günümüzə qədər bu məşhur bitki barədə hər bir məlumat məhz burada maraqlanan insanlara təqdim olunur. Muzeydə həmçinin  kartof bitkisinin kulinariyadakı əvəzsiz rolunu sübut edən Otto Etkart fondunun kitabları və traktatları saxlanılır.


 
   Luegenmuseum (Yalan Muzeyi)
 İllyuziya və gerçəklik arasında səyahət edərkən əsas məsələ görülənlərə və eşidilənlərə tam inanmamaqdır. Xüsusilə də söhbət incəsənətdən gedirsə. Brandenburqda yerləşən muzeyin işçi və nümayəndə heyəti gələn qonaqlara məhz bu mesajı ötürürlər. Qədim evdə yerləşən muzeydə 10 sərgi zalı mövcuddur. Lakin kim bilir, bəlkə bu da həqiqət deyil.