Avropaya səyahət

Qadınların yaşaya biləcəyi ən yaxşı 10 Avropa ölkəsi

2019/07/04 / 145

Aparılan sorğulara görə, Skandinaviya ölkələri qadınların yaşaya biləcəyi ən yaxşı ölkələr sırasındadır. US News & World Report-un 2018-ci il üzrə hazırladığı statistikaya əsasən, Danimarka dünyada qadınların yaşaya biləcəyi ən yaxşı ölkə olmaqla İsveçi geridə qoyur.

Adı çəkilən media qurumu dünyadakı 80 ölkə içərisində qadınların yaşaya biləcəyi ən yaxşı ölkələri müəyyən etmək üçün özünün "Ən Yaxşı Ölkələr" reytinqi çərçivəsində 9000-dən çox qadının iştirakı ilə sorğu keçirmişdir.

Qadınlar üçün Ən Yaxşı Ölkələr beş kriteriya əsasında 10 ballıq sistemlə müəyyənləşdirildi. Bu kriteriyalara insan hüquqları, gender bərabərliyi, gəlir bərabərliyi, inkişaf səviyyəsi və təhlükəsizlik daxildir.

Qadınların yaşaya biləcəyi ən yaxşı 10 Avropa ölkəsi artan sıra ilə qeyd olunmuşdur:

 

10. Birləşmiş Krallıq

 

Ölkə rəhbəri qadın olan Birləşmiş Krallığa gender bərabərliyi (8.5) və insan hüquqları (9) üzrə yüksək bal verildi. Lakin ölkədəki gəlir bərabərliyi cəmi 2.8 balla qiymətləndirildi.

9. Avstriya

Bu Mərkəzi Avropa ölkəsi zəngin mədəniyyətə və yüksək həyat səviyyəsinə malik olmaqla yanaşı insan hüquqları və gender bərabərliyinə görə də yüksək bal aldı. Bütün bunlara baxmayaraq ölkədəki gəlir bərabərliyinə yalnız 5.5 bal verildi. 

8. Lüksemburq

Yüksək həyat səviyyəsinə malik olan və Avropa İttifaqının ən varlı ölkəsi hesab olunan Lüksemburq insan hüquqları üzrə yüksək bal alsa da, bu ölkədəki gender bərabərliyi cəmi 6.9, inkişaf səviyyəsi 5.4, gəlir bərabərliyi isə 6.2 balla qiymətləndirildi. 

7. Almaniya

İnkişaf səviyyəsinə görə yüksək qiymətləndirilən -9.2 bal alan, insan hüquqları üzrə 8.2 bala layiq görülən Almaniyada gender bərabərliyinə yalnız 7.6 bal verildi.

6. İsveçrə

Reytinqlərə görə dünyanın ümumilikdə ən yaxşı ölkəsi olan bu neytral və dinc ərazidə gender bərabərliyi 10 ballıq sistemdə 9 balla qiymətləndirildi.

5. Finlandiya

Qadınlara heç bir məhdudiyyət olmadan səs vermək və Parlamentə seçilmək hüququ vermiş ilk ölkə olan Finlandiya qadınların yaşaya biləcəyi ən rahat yerlərdən biridir.

4. Niderland

Hollandlar ana olan qadınlara dayə xidməti kimi üstünlüklər təklif edərək səhiyyə, təhsil, iqtisadiyyat və siyasət sektorlarında mövcud olan gender bərabərsizliyini aradan qaldırmağa müvəffəq olublar.

3. Norveç

Dünya İqtisadi Forumunun Qlobal Gender Fərqinə dair 2016-cı il Məruzəsinə əsasən, 144 ölkə içərisində üçüncü yerdə olan Norveç qadınlara analıq məzuniyyəti ilə bağlı geniş imkanlar yaratmaqla dünyada gender bərabərliyinin ən yüksək səviyyədə olduğu ölkələrdən biridir.

2. İsveç

2017-ci ildəki liderlik mövqeyindən yalnız bir addım uzaqda olan İsveç YouGov-un məruzəsinə əsasən gender bərabərliyi ilə bağlı ən qabaqcıl yanaşmanın mövcud olduğu ölkədir.

1. Danimarka

İnsan hüquqları və gender bərabərliyinə görə yüksək bal alan bu mütərəqqi Skandinaviya ölkəsi qazanca uyğun ödənişli uşaq qayğı mərkəzləri ilə fərqlənir və Avropada qadınlara ən əlverişli şərtlərlə analıq məzuniyyəti verən ölkələrdən biridir.

 

  

Mənbə:

https://www.businessinsider.com/the-best-countries-for-women-us-news-world-report-2018-3#5-finland-the-first-country-to-offer-unrestricted-rights-for-women-to-vote-and-be-elected-in-parliament-finland-is-one-of-the-most-welcoming-environments-for-women-17