Azərbaycanda fəsəli, slavyan mətbəxində “blin/blinçik” kimi məşhur olan bu xəmirli təamın qədim çörək olduğunu bilirsiniz? Fəsəlinin yaranma tarixinin nə vaxt olduğu bilinməsə də, danılmaz bir fakt var – o hər xalqın mətbəxində mövcuddur və hər bir mətbəxdə hazırlanma qaydası fərqlidir.

  Fransızlar, cənubi slavyanlar, macarlar, çexlər və bir çox digər avropa xalqları fəsəlini yağ, süd, un və yumurtadan hazırlayır. Dumanlı Albionda isə eyni reseptdən yağı çıxarıblar. Buna görə də fəsəlilər normadan daha qalın alınır. Ölçüsünə görə Avropada lider olan fəsəlilər şübhəsiz ki, bolqarlara aiddir – Palaçinka. Palaçinkalar nəhəng tavalarda hazırlanır. Eynilə Bolqarıstanda olduğu kimi Macarıstanda, Çexiya və Slovakiyada da fəsəlilərə palaçinka deyilir.


 
  Alman fəsəliləri isə inanılmaz dərəcədə doyumlu olurlar. Ənənəvi fəsəli reseptinə burada süd, yumurta, un, yağlı qaymaq və keçi pendiri əlavə olunur. Lakin hal-hazırda alman mətbəxində fəsəlinin  bir çox çeşidləri mövcuddur. Ən məşhur reseptler arasında isə fəsəlidən hazırlanmış piroqlar yer alır.
 
  Xüsusi dadı ilə fərqlənən fəsəlilərə Fransa mətbəxində rast gəlmək olar – kreplər. Fransızlar təyinatından asılı olaraq krep xəmirlərini müxtəlif unlardan hazırlayırlar. Şirin kreplər üçün buğda unu, qəlyanaltılıq kreplər üçün isə qarabaşaq və ya şabalıd unundan istifadə olunur. Bəzi kreplər sobada xüsusi sous və pendirlə hazırlanır. Fransa mətbəxinin krepləri arasında özünəməxsus yeri flambe tutur.  Flambenin xəmiri standart krep resepti ilə hazırlanır, bişirilmə zamanı isə tavaya qabığı soyulmuş portağal dilimləri, bir az şəkər, bir az yağ qoyulur və bütün inqrediyentlərə konyak və rom içkisi əlavə edilir. Flambe kreplərini adətən dondurma ilə servis edirlər.



  Yenə də fransızlar Avropa mətbəxində məşhur olan galetlərin müəllifidirlər. Galetlər qarabaşaq unundan hazırlanan fəsəlilərdir. Onlar müəyyən qədər qalın və elastik olurlar. Servis edilən zamanı içi vetçina, yumurta və isveçrə pendiri Qrüyer ilə doldurulur.

   Digər bir məşhur fransız fəsəlisi isə syüzet adlanır. Syüzet şirin, xəfif olur və üzərinə karamel, apelsin şirəsi, konyak, süd və likör əlavə edilir.


 
   Yaradıcılıq baxımından isveç xalqları da fransızlardan geri qalmır. Məşhur isveç fəsəlisi olan lefse, süd, kartof və undan hazırlanır. Danimarkada bu fəsəlilər nazik lefse  adlanır: onları yağ, darçın və şəkər əlavə edərək kofe içkisinin yanında desert kimi servis edirlər. Norveçdə isə lefse  sosisə bükülür və norveç hot-doqu yaradılır. Demək olar bütün skandinav mətbəxlərində aebleskiver adlı fəsəli üçün mövcud xüsusi bişirmə qabı mövcuddur. Yumurta üçün nəzərdə tutulan taraya bənzəyən xüsusi formalı bu qaba fəsəli xəmiri qoyulur və içinə müxtəlif meyvələr əlavə edilir.


 
  Digər məşhur fəsəli növü isə isveçlərin raqmurk adlandırdıqları fəsəlilərdir. Bu fəsəlilər kartof hissəciklərindən hazırlanır. Onlar bekon ilə yeyilir və ya darçın və şəkər əlavə edilərək deert qismində təqdim olunur. Eyni reseptli fəsəlilər belorus mətbəxində də dranik adı ilə tanınır.


 
  Qeyd edək ki, fəsəli sadəcə Avropada yox, bütün dünya xalqlarının mətbəxində mövcud olan bir təamdır. Biz bu gün sadəcə qərb mətbəxindən ilhamlandıq. Sizə isə ümumdünya problemi nəticəsində evdə oturduğumuz bu müddət ərzində çox az və sadə ərzaqlarla hazırlana bilən bu ləzzətin müxtəlif hazırlanma üsullarını təqdim etdik ki, həyatınıza bir az da biz dad qataq. :)