Noyşvanştayn qəsri Almaniyada insanların ən çox baş çəkdiyi qəsrlərdən və turizm obyektlərindən biridir.
 
Bu qəsr Bavariyada, Füssen şəhərinin yaxınlığında yerləşir. O, “Əfsanəvi kral” adlandırılan Bavariya kralı II Lüdviqin göstərişi ilə inşa edilmişdir. Kral Lüdviq dünya şöhrətli bəstəkar Rixard Vaqnerin böyük pərəstişkarı idi. Noyşvanştayn qəsri bəstəkarın xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş və qəsrin interyerini təşkil edən bir çox otaq Vaqnerin yaratdığı obrazlardan ihlamlanaraq dizayn olunmuşdur. “Noyşvanştayn”ın mənası “Yeni Qu Quşu Qəsri”dir. Bu ad Vaqnerin obrazlarından biri olan “Qu quşu cəngavəri”nin şərəfinə qoyulmuşdur.  
 
Noyşvanştayn qəsri sehrli aləmi xatırladır. Noyşvanştayn qəsrinin inşası paradoks təşkil edir, çünki o, qəsrlərin artıq strateji və müdafiə obyektləri kimi istifadə olunmadığı 19-cu əsrdə tikilib.  

Photo by Joshua Stannard on Unsplash

Noyşvanştaynın yerləşdiyi ərazi də nağıllar dünyasına bənzəyir. Qəsr Almaniyanın Bavariya vilayətində, Alp yüksəkliklərində, bir təpənin zirvəsində yerləşməklə ecazkar görüntü yaradır. Noyşvanştayndan Hoenşvanqau dərəsinə möhtəşəm mənzərə açılır. Qəsrin əsrarəngiz mənzərəsi buraya gələn hər kəsi ovsunlayır. 
 
Noyşvanştayn qəsrinin inşasına 1869-cu ildə başlanılmışdır. Əslində bu qəsrin tikintisinin üç il davam edəcəyi nəzərdə tutulurdu. Lakin II Lüdviq qəsrin hərtərəfli mükəmməl olmasını istəyirdi. Ona görə də bu nəhəng tikilinin inşası II Lüdviqin dünyasını dəyişdiyi 1886-cı ildə hələ başa çatdırılmamışdı. Hətta bu gün də qəsrin inşası natamam hesab olunur.


Noyşvanştayn qəsrində hər tərəfi divarla əhatələnən həyətin ortasında gözəl bir bağ yerləşir. Qəsrdə, hətta süni mağara da mövcuddur. Noyşvanştaynın eksteryeri kimi onun interyeri də gözəldir. 1886-cı ildə II Lüdviqin vəfatından əvvəl cəmi 14 otaqda işlərin yekunlaşmasına baxmayaraq bu otaqların dekorasiyası olduqca möhtəşəmdir.
 
Noyşvanştayn qəsrinin sehrli görünüşü Uolt Disneyi “Sehrli Krallıq” yaratmağa ilhamlandırmışdır. Bu gün Noyşvanştayn Almaniyada insanların ən çox baş çəkdiyi qəsrlərdən və məşhur turizm obyektlərindən biridir. Hər il buraya 1.300.000-dən çox turist gəlir. 

Photo by Nick Randle on Unsplash


Mənbə: https://neuschwansteincastle.net