Qızmızı Bələdçi “Mişlen” (fransızca - Michelin, Le Guide Rouge) Kulinariya aləminin ən məşhur mükafatı, aşpazların uğrunda mübarizə apardıqları “ulduz”

  Yəqin ki, çoxunuz “Mişlen ulduzlu restoran” və ya “Mişlen ulduzlu aşpaz” ifadələrinə tez-tez rast gəlirsiniz. Bəs bu adın tarixçəsi, mahiyyəti və əsas göstəriciləri nələrdir? Bunu isə birlikdə öyrənəcəyik.
“Qırmızı Bələdçi - Mişlen” ilk dəfə 1900-cü ildə, “Mişlen” şirkətinin yaradıcılarından biri olan  Andre Mişlen tərəfindən dərc olunur. İlk dövrlərdə bələdçi daha çox səyyahlar üçün yararlı olacaq otellər, qəlyanaltı məkanları, ödənişli avtomobil dayanacaqları kimi məntəqələrin siyahısını təqdim edirdi. Kifayət qədər sürətlə məşhurlaşan və böyük tələbə səbəb olan bələdçi, 1920-ci ildən etibarən daha baha qiymətə satılmağa başlayır. Həmçinin kitab artıq qiymət siyasətinə əsasən sıralanmış restoranlar siyahısını da təqdim etməyə başlayır. Ən bahalı restoranlar  gülə bənzəyən xüsusi ulduz işarəsi ilə qeyd olunur.

  1926-cı ildən etibarən isə reytinq siyasəti tamamilə dəyişilir. Artıq restoranların qarşısındakı ulduzlar qiymətə görə yox, mətbəxin keyfiyyətinə əsasən qeyd olunur. 1930-cu illərdən etibarən isə daha 2 ulduz yaradılır və bu günədək bu sistem dəyişilməz olaraq qalır. Sözügedən ulduzların açıqlaması isə aşağıdakı kimidir:

  Image result for michelin star symbol                öz kateqoriyası üzrə çox yaxşı restoran
  Image result for michelin star symbol Image result for michelin star symbol         əla mətbəx. Restorana gəlmək üçün marşrutu dəyişməyə dəyər
  Image result for michelin star symbol Image result for michelin star symbol Image result for michelin star symbol  mükəmməl baş aşpaz. Məhz bu restoran üçün xüsusi səfər təşkil etməyə dəyər.
 
  Böyük Britaniyada 3 Mişlen ulduzu alan ilk restoran London şəhərində yerləşən “Gordon Ramsey” olur. Keçmiş SSRİ ölkələri arasında ilk Mişlen ulduzlu məkan isə Praqanın “Allegro Prague” restoranı olur.



  Reytinqin hazırlanma kriteriyaları “Mişlen” şirkətinin kommersiya sirri olaraq qorunub saxlanılır, lakin hamıya məlum olan ilkin kriteriya məhz mətbəxdir. Bələdçinin qaydalarına əsasən interyerin dizaynı, xidmət səviyyəsi, qiymət siyasətinin hər biri ikinci dərəcəli xarakter daşıyır. Əsas prioritet məhz hazırlanan təamlardır. Misal üçün müəllif mətbəxi olmayan dəbdəbəli restoranlar  bu reytinqə düşə bilmirlər.

  Həmçinin məlumdur ki, ulduzlar adətən aşpazlara təqdim olunur, məkanlara yox. Beləliklə, istənilən Mişlen ulduzlu aşpaz çalışdığı restoranı tərk edərsə, ulduzlarını özü ilə “aparır”. 


 
  2003-cü ildə qalmaqala səbəb olan «L'inspecteur se met à table» adlı kitab dərc olunur. Kitabın müəllifi uzun illər “Mişlen” şirkətində müfəttiş çalışan Remi Paskal, ulduzların təqdim olunması və geri alınması barədəki gizlilik pərdəsini qaldırır. Remi öz kitabında etiraf edir ki, qurmanlar 3 ulduzlu yox, 1 və ya 2 ulduzlu restoranlarda yemək yesələr daha yaxşı olar. Çünki aşpazlar 3 ulduz almaq uğrunda mübarizə apardıqları zaman daha dadlı yeməklər hazırlayırlar. 3-cü ulduz isə onların bir növ “rahatlamağına” gətirib çıxarır.

  Təbii ki, kitabın dərc olunması şirkət rəhbərliyinin xoşuna gəlmir və Paskal dərhal işindən kənarlaşdırılır.
 
   Reytinqin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bunlardan ən önəmlisi Mişlen ulduzu geri alınan, ləğv edilən restoranlarla bağlıdır. Bu məsələ ilə bağlı ən məşhur hadisə fransız aşpazı Bernar Luazo ilə əlaqəlidir. Beləki o, 2003-cü ildə 3 ulduzdan 2 ulduza düşəcəyi haqqında gəzən şayiələrdən sonra özünü öldürür. Sonradan məlum olur ki, əslində “Mişlen” şirkətinin belə bir niyyəti olmayıb, Bernar isə manyakal-depressiv psixozdan əziyyət çəkirmiş.
 
  Ümid edirik ki, məqaləmiz yemək sevərlərin ürəyincə oldu. Yeməyi sevməyən insan isə, zənnimizcə yox səviyyəsindədir. Məşhur bir deyimdə qeyd olunduğu kimi “ Ən saf və ülvi sevgi, məhz yeməyə qarşı olan sevgidir”!

Yazdı: Könül Hilal.