Bütün Avropa paytaxları arasında günəşli günlərin sayına görə birinci yerdə olan Lissabon haqqında bilmədiyimiz məqamlarla birlikdə tanış olaq?

  1. Lissabon dünyanın ən qədim şəhərlərindən biri olmaqla yanaşı, Qərbi Avropanın ən qədim şəhəridir. Şəhər haqqında ilkin məlumatlar e.ə. III əsrə təsadüf edir. Lakin növbəti maddədə bəhs edəcəyimiz hadisə səbəbilə bu qədimlikdən heç bir əsər əlamət qalmayıb. Təəssüf ki..


 
  2. 1755-ci il, 1 Noyabr tarixində Lissabonda dəhşətli zəlzələ baş verir. Bu zəlzələ nəinki Portuqaliya, bütövlükdə Avropa üçün sarsıdıcı olur. Tarixin ən dağıdıcı zəlzələlərindən hesab olunan Lissabon zəlzələsi, şəhəri darmadağın edir, 100 mindən artıq insanın ölümünə səbəb olur. Zəlzələnin ardınca baş verən sunami və yanğınlar isə son nöqtəni qoyur.  
Hesab olunur ki, məhz bu faciə Portuqaliyanın indiyədək iqtisadi – siyasi inkişafdan geri qalma səbəblərindən biridir.
 
  3. Lissabon böyük coğrafi kəşflər şəhəridir desək, yanılmarıq. XV-XVI əsrlərdə bu şəhərdən bütün dünyaya məşhur olan 10-dan çox coğrafi ekspedisiya start götürmüşdü. Bu ekspedisiyalara misal olaraq Vasko da Qamanın Hindistan səfərini göstərə bilərik. Unutmayaq ki, ilk dünya səyahətini tamamlamış Fernan Magellan da portuqal idi. Lissabon elə indinin özündə də avantüra ab havası və dəniz tematikası ilə nəfəs alır.
 
  4. Şəhər 7 təpədə yerləşir. Düzdür, bu keçmişdə belə idi, indi isə şəhər genişlənib və sərhədləri bu təpələri çoxdan aşıb. Amma Avropa paytaxtları arasında ən çox yoxuş, eniş, pilləkənə sahib olan Lissabon, ən aktiv turistləri belə yoracaq dərəcədə mürəkkəb relyefe malikdir. Sözsüz ki, bu cür relyefe sahib olmağın müsbət cəhətləri də var. Sonsuz sayda baxış meydançaları və onlardan şəhərə, Teja çayına açılan mənzərə və yaxud şəhərin aşağı hissəsində yerləşən Bayşa rayonu ilə, yüksəklikdə yerləşən Şiada rayonunu birləşdirən 45 metrlik küçə lifti turistlərin mütləq görməli olduqları məkanlar siyahısındadır.

  5. Avropanın ən uzaq qərb nöqtəsi məhz burada – Lissabonda yerləşir. Məhz burada Teja çayı birbaşa okeana tökülür. Buna baxmayaraq şəhərdə çimərlik yoxdur. Bəli, düz oxudunuz. Lissabon port şəhəridir, çimərlik yox. Lakin, əhvalınız korlanmasın. Şəhərdən cəmi 40 metr uzaqlıqda öz möhtəşəm çimərlikləri ilə Kaşkay kurort şəhəri yerləşməkdədir.

  6. Lissabonlularun qürur duyduqları növbəti fakt – Avropanın ən uzun körpüsünün
, 1998-ci ildə inşa edilmiş Vasqo da Qama körpüsünün şəhərlərində yerləşməsidir. Körpü məşhur səyyahın Hindistana səfərinin 500 illik münasibətilə inşa edildi və Avropanın ən uzun körpüsü tituluna yiyələndi. Ta ki.. 17.2 km uzunluğundakı Krım körpüsü inşa edilənədək.

 
  7. Tuk-tuk. Asiyaya məxsus bu nəqliyyat növü Lissabonda o qədər məşhur və əlverilşi yolçuluq vasitəsidir ki, şəhərin simvollarından birinə çevrilib. Tuk-tukun əsas məqsədi turistləri əyləndirmək sayılsa da, etiraf etməliyik – bəzən bu yoxuşlu enişli şəhərin küçələrini ram edə bilmək üçün ən rahat nəqliyyat vasitəsidir.

  8. Qədim şəhərlərdən bəhs ediriksə, onların memarlıq nümunələri və arxitekturasına toxunmasaq olmaz. Lissabonun tarixi mərkəzində yerləşən binaların fasadlarını bəzəyən xüsusi keramik örtük – azuleju şəhərin gözəlliyinə gözəllik qatır. Bu naxışlı fasad örtükləri o qədər zərif görünür ki, hazırda dünyanın bir çox yerində interyer dizaynından tutmuş, ev eşyalarının hazırlanmasına qədər bir sıra sahələrdə istinad mənbəyi və üslub kimi istifadə olunur.


 
  Günəşin öpdüyü şəhər – Lissabon haqqında uzun uzadı -  yazmaq olar. Ən yaxşısı isə hər zamankı kimi bütün bu gözəlliklərin canlı şahidi olmaqdır.
 
Yazdı: Könül Hilal