Fevral ayını geridə qoymağa hazırlaşarkən bu ayda dünyaya gəlmiş ən maraqlı şəxsiyyətlərdən biri, məşhur fransız yazıçısı Jül Vern haqqında yazmasaq olmazdı. Əminik ki, hər birimizin uşaqlıq dövrünü və  xəyallarını daha da zənginləşdirən əsərlər arasında Jül Vernin “Kapitan Qrantın Uşaqları”, “Kapitan Nemo” və d. kitabları yer alıb. Əsrarəngiz coğrafi hadisələr və bitməz-tükənməz macəralar yazıçının əsas üslub xətti idi.



  Jül Qabriel Vern 8 Fevral 1828-ci ildə Fransanın qərbində yerləşən Nant şəhəri yaxınlığında anadan olub. Elmi fantastik cərəyanın banilərindən biri olan Jül Vernin əsərləri UNESCO tərəfindən təqdim olunan statistikaya əsasən tərcümə olunma sayına görə dünya üzrə 2-ci yerdədir. 1-ci yerdə Aqata Kristinin əsərləri yer alır.

 Jül Vern 6 yaşında olarkən pansionata yerləşdirilir və maraqlı məqamlardan biri odur ki, bu pansionatda onun müəllimələrindən biri  tez-tez şagirdlərə kapitan olmuş və 30 il bundan öncə dənizdə gəmisi batmış həyat yoldaşından bəhs edir. Müəllimə hər zaman yoldaşının hələ də sağ qalaraq hansısa uzaq adaların birində Robinzon Kruzo kimi məskunlaşdığına inanır və bunu nəql edirdi. Beləliklə, kiçik Jül Vernin xəyal gücü işə düşməyə başlayır.

  Yazıçının ixtisasca hüquqşünas olan atası oğlunun da özü kimi “ciddi” peşə sahibi olmağını istədiyi üçün onu hüquq təhsili almaq məqsədilə Parisə göndərir. Parisdə Jül Vern bir çox sənət adamları ilə tanış olur. Bunlardan biri yazıçı Aleksand Düma və onun oğlu olur. Oğul Düma ilə dostlaşan Jül Vern onunla birlikdə “Sınmış samanlar” (Les Pailles rompues) pyesini tamamlayır və bu pyes ata Dümanın dəstəyi ilə səhnələşdirilir. Atasının çox saylı təkidlərinə baxmayaraq, Jül Vern sürətli şəkildə yazıçılıq qabiliyyətini inkişaf etdirir bir çox jurnallarda onun hekayələri, məqalələri dərc olunmağa başlayır.

  Yazıçının həyatından bir neçə maraqlı faktla sizi tanış etmək istərdik.
  • Jül Verni digər yazıçılardan fərqləndirən əsas cəhətlətindən biri onun əsərlərinin əksəriyyətini səyahətləri zamanı yazması idi.
  • Yazıçının şəxsi mülkiyyətində 3 yaxta var idi.
  • Jül Vernin ən məşhur əsərlərindən biri olan “Dünyanın mərkəzinə səyahət” 19-cu əsrdə Rusiyada qadağan olunur. Səbəb – bəzi din adamlarının əsərdə dini təməllərə zidd faktlar olduğunu düşünməsi idi.
  • Çox saylı səyahətləri səbəbi ilə Jül Vern Fransa Coörafiya Cəmiyyətinin üzvü seçilir, halbuki o, elmi tədqiqatçı deyildi.
  • Ölümünə az qalmış görmək qabiliyyətini itirən yazıçı, yaradıcılığını dayandırmır. Son günədək əsərlərini diktə edərək yazdıran Jül Vern, 1905-ci ilin mart ayının 24-də dünyasını dəyişir.
  Yazıçının ən məşhur əsələrinə nəzər salaq: “Sirlər adası”, “Kapitan Qrantın Uşaqları”, “80 Gün Dünya ətrafında”, “Robinzonlar məktəbi”, “Kapitan Nemo” və s.
 
  Bəs siz Jül Vernin hansı əsərini oxumusunuz?