Təxminən iki həftə əvvəl, 15-16 noyabr tarixlərində Venesiyanın su altında qalması ilə bağlı şok xəbərlər bütün dünyaya səs saldı.
 
Əslində bu, yeni bir hadisə deyil, Venesiya su səviyyəsinin artması problemi ilə tanınan bir şəhərdir və bu hadisə italyan dilində xüsusi bir terminlə də tanınır - Aqua Alta. Lakin bu dəfə “aqua alta” öz normal səviyyəsini çox geridə qoydu. 
 
Rəsmi mənbələrdən əldə edilən məlumatlara əsasən şəhərin 80% -i su altında qaldı.


 
Suyun səviyyəsi 1.87 sm yüksəkliyə qalxaraq pik həddə çatdı. Məlumat üçün bildirək ki, bu göstərici 1966-cı ildən bu günə qeyd olunan ən hündür ikinci daşqındır.
 
Şəhərin icra başçısı Luici Brunyaro daxil olmaqla bir çox insan suyun səviyyəsinin bu həddə çatmasında qlobal istiləşməni və iqlim dəyişikliyini əsas səbəblərdən biri kimi görür və baş vermis hadisənin dünya miqyasında problem olduğunu vurğulayaraq hər kəsi bu cür şiddətli nəticələrə bitərəf qalmamağa çağırır.
 
Şəhərin su daşqınına məruz qalmasına səbəb olan başqa bir nüans isə İtaliya sahilləri altında hərəkət edən tektonik plitələrdir.



Venesiyaya dəymiş zərər və nəticələr yüz milyonlar ətrafında qiymətləndirilir. Daşqın nəticəsində çox sayda ailə bütün mülkünü itirib və böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iki ölüm hadisəsi də qeydə alınıb. 
 
Daşqın Venesiyanın turistik həyatına da çox ziyan vurub və vurmaqda davam edir.  Qarşıdakı ay üçün turistlərin təxminən 35%-i otel rezervasiyalarını ləğv edib. Bu isə öz növbəsində şəhərin büdcəsi üçün böyük zərbə hesab edilir. 
 
Lakin bütün bu neqativ hallar arasında müsbət qiymətləndirə biləcəyimiz bir faktor da var. Bu, Venesiya sevərlərin şəhəri qorumaq və şəhərə dəymiş ziyanın aradan qaldırılması üçün bir araya gələrək aktiv fəaliyyət göstərmələridir. Bu insanlar arasında yerli əhali və xarici turistlərdən savayı, xüsusi aktivliyi könüllü tələbələr göstərdilər. Tələbələrin əksər hissəsi xüsusilə köhnə kitabları və vacib tədqiqat materiallarını xilas etmək ümidi ilə kitabxanalara köməyə getdilər.
Öz növbəmizdə biz də bu gənclər haqqında araşdırma apardıq və öz köməyini həqiqi mənada əsirgəməyən Venesiyanın Ca' Foscari Universitetinin iki tələbəsi ilə müsahibə etmək imkanı əldə etdik.



Birinci tələbə, Donata Zambon baş verənlər barədə öz təəssüratlarını belə bölüşür: 

“Bəzi dostlarım, həmçinin başqa tələbələr mənə Venesiyanın mərkəzində yerləşən  tarixi binalardan biri olan Musiqi Konservatoriyası Benedetto Marselloda təcili kömək lazım olduğunu söylədilər. Problem ondadır ki, binanın stabil qalması məqsədilə arxiv materialları tikilinin aşağı hissəsinə yerləşdirilmişdi, buna görə də  bütün arxivə ziyan dəydi. Məhv olmuş sənədləri və əlyazmaları düşünmək o qədər dramatik idi ki.. Amma orada həmyaşıdlarım və çoxsaylı digər könüllülər ilə birlikdə böyük bir komanda yaratdıq. Biz islanmış hər bir kitabı götürüb, səhifəbəsəhifə qurudurduq. Bu kitablar çox qiymətli idi və təəssüf ki, bəzi tarixi nadir əlyazmalar əbədi olaraq yox oldular. Bəziləri indi başqa yerə köçürülür, digərləri yenə də orada qalacaq. Tarixi nadir əlyazmalar dedikdə mən Vaqner tərəfindən yazılan “Opera Omnia” kimi şedevr əsər olan kitablardan bəhs edirəm.”



Təəssüratlarını bizimlə paylaşan digər tələbə Lusia Maria Ferroni danışır: “Su səviyyəsinin pik həddinə çatdığı günün səhəri, mən və dostum vəziyyətin necə olduğunu yoxlamaq üçün küçəyə çıxdıq. Küçələri gəzərkən şəhərin vəziyyətinin nə qədər katastrofik olduğunu başa düşdük. Meydanlardan birindən keçəndə bir neçə gənci bir yerə toplaşan görüb, nə etdiklərini başa düşmək üçün onlara yaxınlaşdıq. Onlar şəhəri təmizləmək üçün iştirak etmək istəyən hər kəsə torba və əlcək paylayan könüllülər idi. Biz də onlara qoşulduq. Könüllü dəstələri yalnız mərkəzi hissələrdə deyil, həmçinin Venesiya ətrafındakı tikililərdə də təmizlik işlərində iştirak edirdilər. Əvvəllər heç rast gəlmədiyimiz bir birlik hissi yaşadıq. Fərqli-fərqli məkanlarda kömək etdiyimiz vaxt insanlar birbirləri ilə salamlaşır və gördüyümüz işlərə görə bizə təşəkkürlərini bildirirdilər. Xəsarətlərə və dəyən ziyana baxmayaraq, insanlarla belə bir şəkildə əlaqə qurmaq və birləşmək çox yaxşı bir hiss idi.”
 
Daşqının şəhərə verdiyi ziyanlar hələ də davam edir. Şəhər demək olar ki, iflic vəziyyətindədir. Lakin sevindirici hal ondan ibarətdir ki, insanların qəlbləri iflic halında deyil və onlar birlik olub mədəniyyətin qorunması üçün nələr edə biləcəklərini bir daha əyani şəkildə sübut etdilər. 

Yazdı: Giulia Clamer