Federiko Fellini (1920 - 1993) - nəinki İtaliyanın, eləcə də dünya kinematoqrafiyasının əfsanəsinin 100 illiyi müxtəlif tədbirlər silsiləsi ilə qeyd ediləcək. Tədbirlərin əsas mərkəzi rejissorun doğulduğu Rimini şəhəridir.

İtaliyanın Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin kulimansiya nöqtəsi, Riminidə Beynəlxalq Federiko Fellini Muzeyinin açılışı olacaq.

Fellininin ən yadda qalan əsərləri – “Kabiria Gecələri” (1957), “Şirin Həyat” (1960), “8½” (1963) və “Amarcord” (1973)



8 dəfə Oskar mükafatına namizəd və 4 dəfə Oskar mükafatı qazanan Fellini heç vaxt İtaliyadan kənarda işləmədi. Rejissor adətən eyni komanda ilə işləyirdi: kişi obrazlarının ifaçısı Marcello Mastroianni,  ən görkəmli qadın rollarını verdiyi həyat yoldaşı Giulietta Masina və bütün dünyaya məşhurlaşan bəstəkar Nino Rota. Bu heyətə rahatlıqla “Fellini ailəsi” deyə bilərik – kökləri İtaliyaya, şöhrətləri isə bütün dünyaya aid olan ailə.



Yubileyə həsr olunmuş festival artıq Riminidə yerləşən Sismondo Qalasında açılmış “Fellini 100: Ölümsüz Dahi” sərgisi ilə start götürüb və hal-hazırda davam edir. Martın 15-ə qədər Riminidə davam edəcək sərgi, daha sonra Romada, Venesiya Meydanında nümayiş olunacaq. Romadan sonra isə festivalın beynəlxalq mərhələsi başlayacaq və tədbirlər Los Anceles, Berlin, Moskva şəhərlərində davam edəcək.


 
Fellini sevərlər üçün İtaliyada maraqlı ola biləcək məkanlardan bir neçəsi haqqında məlumatı da nəzərinizə çatdırmaq istərdik:
Fulgor kinoteatrı, Rimini - Dahi Fellini ilk dəfə filmə məhz Riminidə yerləşən Fulgor kinoteatrında baxıb. Bu tarixi kinoteatr gözəl şəkildə restavrasiya olunub. Kinoteatr İtaliya kinematoqrafiyasında xüsusi əhəmiyyətə malikdir. Çünki  məhz burada, ilk dəfə “Maciste cəhənnəmdə” filmini seyr etdikdən sonra, Fellini rejissor olmaq qərarına gəlir.

“Museo della Citta”, Şəhər Muzeyi, Rimini – Fellininin bir sıra əl işləri ilə (rəsmləri) məhz burada tanış ola bilərsiniz.

“Grand Hotel di Rimini”, Rimini – Rejissorun tez-tez qaldığı otel. 316-cı otaq. Fellini bu otel barədə hətta “Mənim Riminim” kitabında da yazıb.
2020-ci il üçün səyahət planına İtaliyanı daxil etməmisinizsə, hələ də gec deyil.

Yazdı: Könül Hilal.