Qlobal miqyasda, hər il milyonlarla heyvanın dərmanlardan tutmuş döşəmə təmizləyicilərinə və üz kremlərinə qədər olan hər vasitənin istehsalı zamanı aparılan təcrübələrdə öldürüldüyü təxmin edilir. Müxtəlif sınaq təcrübələrinə ən çox məruz qalan canlılar arasında siçanlar üstünlük təşkil edir.

  Avropa İttifaqının və eləcə də bütün planetin yaşıl hərəkata doğru keçid etdiyi dövrdə heyvanların hüquqları xüsusi ilə qorunur. Artıq bir çox şirkətlər yaşıl iqtisaiyyatın hissəsi olmağı seçir və ilk olaraq ekoloji cəhətdən təmiz və davamlı istehsalata başlayır, heyvanların təcrübə obyekti kimi istifadə edilməsinin qarşısını alır. Bu addımın nə dərəcədə mühüm və vacib olduğunu bir az işıqlandıraq.

  Əvvəla,  heyvanlar quyruqlu test boruları deyil. Onlar ağrı hiss edirlər və sağ qalmaq və azad olmaq onların təbii instinktləridir.
 
  Bundan başqa heyvanlar üzərində aparılan eksperimentlər heç də  hər zaman özünü doğrultmur. Çünki insanların və heyvanların fiziologiyası kifayət qədər fərqlidir. Buna görə də çox vaxt heyvanlar üzərində özünü doğruldan testlər, insanlar üçün fərqli nəticə göstərir.

  Bildiyimiz kimi  dodaq boyasının istehsalı zamanı əksər firmalar heyvanlardan istifadə edir. İngiltirədə bu proses qadağan olunduqdan sonra, 2013-cü ilin Mart ayından etibarən Avropa İttifaqına daxil olan ölkələr tərkibindəki inqrediyentlər heyvalar üzərində sınaqdan keçirilən bütün kosmetik məhsulların satışına da qadağa qoyuldu.  

  İşin ən “maraqlı” tərəfi isə budur ki, heyvanları təcrübə sınaqlarında istifadə etməyə ümumiyyətlə ehtiyac yoxdur. Sözügedən bütün təcrübələr üçün alternativ yollar mövcuddur. Misal üçün, Londonda yerləşən məşhur kosmetika və hamam məhsulları şirkəti olan “The Body Shop” heyvanların eksperimentlərdə istifadə edilməsinə qarşı çıxır və bunu bütün həmkarlarına tövsiyə edir.  

  Heyvanların hüquqlarının pozulmasına normal yanaşan insanlar çox vaxt düşünürlər ki, insanların dəyəri daha çoxdur və onların sağlamlığı daha vacibdir. Lakin biz unuduruq ki, planetin və ətraf mühitin yaxşılaşdırılması və yaranan ekoloji problemlərin aradan qaldırılması üçün bütün növ canlılar böyük əhəmiyyət daşıyır və onların bu şəkildə məhv edilməsi gələcəkdə insanlıq üçün yeni çətinliklərin yaranmasına gətirib çıxaracaq.