Dünyanı gözəllik xilas edəcək. Bu gözəllik isə bizim əməllərimizlə, qəlbimizlə və atdığımız addımlarla başlayır.
 
Xatirinizdədirsə, keçən ay sizə şəhərimizin qonağı olmuş möhtəşəm komanda haqqında yazmışdıq – İtaliyanın “Nazareno” Sosial Kooperativi“Sciá Sciá” orkestri. “Sciá Sciá” orkestri fiziki və əqli məhdudiyyətləri olan insanlarla birlikdə çalışır. Orketsrin istifadə etdiyi əsas cihaz “Sound Beam” adlanır və məhz bu cihazın köməkliyi ilə, fiziki məhdudiyyətləri olan hər yaşdan insan sensor lövhələr vasitəsilə istənilən musiqi alətində ifa edə bilir.



Bu gün isə orkestrin yaradıcısı və direktoru Enriko Zanella haqqında qısa məlumat təqdim edirik.
Enriko 1973-cü il, 2 Aprel tarixində dünyaya gəlib. Bolonya Universitetinin “Fəlsəfə Nəzəriyyəsi” fakültəsindən məzun olduqdan sonra Musiqi Akademiyasında gitara və harmoniya dərsləri alır və musiqi  fəaliyyətini “Los Anceles Musiqi Akaemiyasında” davam etdirir. Pianoçu və bəstəkar Davide Fregnidən klassik kompozisiya dərsləri də alan Enriko, 2006-cı ildə həmkarı Federiko Veratti ilə Emilia Romanya regionunda bir ilkə imza ataraq caz gitar və kompozisiya kursları təqdim edən “Musicology” musiqi assosiasiyasını təsis edir.



2008-ci ildə adının inisiallarından ibarət yaratdığı kvartet “EZ quartet” ilə 3 orijinal musiqi albomu buraxır:
  • “For a new life” (Yeni həyat üçün)
  • “Children do not know” (Uşaqlar bilmir)
  • “World map” (Dünya xəritəsi)
Və İtaliyanın müxtəlif teatr, klub və festivallarında  çıxış edir.
2009-cu ildə isə haqqında danışdığımız və məlumatlı olduğumuz “Sciá Sciá” orkestri yaranır.



“Təsəvvür edin, eyni səhnədə müxtəlif insanlar bir musiqi sədası altında birləşir. Məhdudiyyətləri olan insanlar sound beam cihazı ilə ifa edir, digərləri müxtəlif musiqi alətlərində və səhnədə vahid bir harmoniya yaranır. Heç kəsin arasında fərq olmadan. Çünki əslində heç kəsin arasında fərq yoxdur. Hər kəsi birləşdirən bir ortaq dəyər var – Qəlb! ” – Enriko Zanella
 
Biz isə bir daha əmin oluruq ki, dünyanı məhz bu cür gözəlliklər xilas edəcək.

Təşəkkürlər, Enriko!

Yazdı: Könül Hilal.