Tallin Qış Festivalı ənənəvi olaraq hər il fevral ayında keçirilir. Konsertlər Tallinn Town Hall, Hopner House və St Charles kilsəsində baş tutur. Bu il festival 19 Fevralda başlayıb və 23 Fevraladək davam edəcək.
 
  Festivalın devizi “Gözlərini Aç! Qəlbini Aç!” olaraq seçilib və bu deviz altında hər il müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.

  Festivalın Fevral ayında keçirilməsi heç də təsadüfi seçim deyil. Tallin şəhərində qışın ən qaranlıq və soyuq keçən ayına az da olsa işıq gətirməyə kömək edən festival, Avropanın bir çox ölkəsindən musiqi sevərləri bir araya gətirir.

  Bu il festivala Macarıstan, İtaliya və Rusiyadan xarici ifaçılar qatılacaq. Əsasən klassik musiqi həvəskarlarına həsr olunan festivalda gənc opera müğənniləri və həmçinin ilk dəfə olaraq beynəlxalq müsabiqə qalibləri də təqdim olunacaq. Festivalla yanaşı gənclər proqramı çərçivəsində master klasslar da təşkil olunacaq.
 
  Festivalın keçirildiyi əvvəlki illərdə eyni deviz başlığı altında əlil uşaqlar üçün fəaliyyət göstərən Käo mərkəzinə musiqili terapiya dərslərində istifadə olunan xüsusi alət və qurğular, musiqi alətləri alınması üçün vəsait toplanmışdı. Həmçinin Estoniyanın Böyük Ailələr Birliyinə qida daşımaq üçün mikro avtobuslar alınaraq dəstəklənmişdi.

  Festival bu il də əldə olunacaq vəsait ilə xüsusi ehtiyacı olan uşaqlara dəstək olmağı planlayır.
 Festivalın proqramı ilə ətraflı şəkildə http://www.festivals.ee/htdocs/Tallinn_Winter_Festival_933 veb səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.