Dante Aligeri – İtalyan dilinin atası.

   1265-ci ildə Florensiyada dünyaya gəlmiş Dante, şeirlərini ana dilində yazaraq məhz toskan dialektini seçmişdi. Qeyd edək ki, həmin dövrdə poeziya əsasən latın dilində yazılırdı və oxucu kütləsi yalnız ziyalı təbəqəsindən ibarət idi. Dantenin qeyri ortadoksal yanaşması nəticəsində poeziya bütün cəmiyyət üçün əlçatan olmuş və Petrarka, Bokkaçço kimi mühüm italyan şairlərinin yetişməsinə təkan vermişdi.

   Cəhənnəm və cənnət haqqındakı təsvirləri ilə Dante həmçinin qərb incəsənətinə dərin təsir etmişdi. Şairin həm ədəbiyyatda, həm də dini fəlsəfədə əvəzsiz izlər buraxmış ən böyük əsəri “İlahi Komediya” (La Divina Commedia)-dır.

   "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır. Həyatın böyük hissəsini sürgündə keçirən Dantenin Florensiyaya qayıtmaq üçün etdiyi cəhdlər nəticəsiz qalır. Vətənində xoşbəxt yaşamaq haqqı varkən, o dövrün ziddiyətləri  bunu  əlindən alır. Üstəlik qarışdığı siyasi hadisələr, qarşılıqsız sevgisi Dantenin iç dünyasını daha da qarmaqarışıq edir.  O, iç dünyasını rahatlatmağın yolunu Tanrıya sığınmaqda tapır. Yenidən şeirə və Beatriçeyə olan sevgisinə qayıdır.  

    Özünün doğru yolu tapdığını göstərmək üçün isə “İlahi komediya”nı yazır. Dantenin fikrincə Tanrı insanları iki şey üçün yaratmışdır. Bunlardan biri fani dünyada yaşanan  xoşbəxt həyatdır. İnsan bu xoşbəxt həyata bütün əxlaq normalarına riayət edərək nail ola bilər. İkinci məqsədi isə ölümdən sonrakı sonsuz yaşamdır. Bunun üçün isə Tanrıya qeyd-şərtsiz inanmalı, onun qoyduğu hər normaya əməl etməli idi. Bu məqsədin gerçəkləşməsində imperator və papa insanlara yol göstərir. Dante deyir ki, insan özü təkbaşına da bu yolu tapa bilər. Əsərində də insanlara bu yolu göstərir.

   Məhz “İlahi Komediya” əsərinin sayəsində müasir italyan dili toskan vilayətinin dialektinə əsaslanır. Əsərdə cəhənnəmin 9-cu halqasına müvafiq olan ən qorxulu günah xəyanət hesab edilir. Hətta oğrular və qatillər daha az günahkar hesab edilir.

   Fərziyələrə görə, şairin ilham mənbəyi – 9 yaşında ikən  aşiq olduğu və gənc yaşında vəfat edən Beatriçe olub. Bir çox əsərində, Dante onu yarı tanrı qismində ifadə edib.

   Dahi şair 1321-ci ildə, 56 yaşında Ranevvedə sürgündə ikən həyatını dəyişir. Onun məzarı Müqəddəs Fransizka bazilikasında yerləşir.

   Dantenin yubiley proqramı əsasən Ravennedə keçiriləcək, həmçinin tədbirlər şairin əsərlərində yer alan və ya şəxsi həyatı ilə əlaqəli olan 70-ə yaxın şəhər və kənddə də təşkil ediləcək.

   Ətraflı məlumat üçün Dante 2021 rəsmi səhifəsinə baxa bilərsiniz - www.dante2021.it