8 Mart Beynəlxalq Qadınlar Gününə çox az vaxt qalır. Azərbaycanda əhalinin  böyük bir əksəriyyəti bu günü bayram səviyyəsində qeyd etməyə hazırlaşır. 2020-ci ilin ən aktual mövzularından olan KoronaVirus məsələsi belə əyləncə mərkəzlərinin bu günü kütləvi şəkildə qeyd etməməsinə səbəb deyil. Qadınlar Gününə həsr olunan tədbirlərin müxtəlifliyi isə bütün internet səifələrdə və sosial şəbəkələrdə göz qamaşdırır.
 
  8 Mart Beynəlxalq Qadınlar Günü kimi 1975-ci ili mart ayından etibarən BMT tərəfindən qeyd edilməyə başlayıb. Gender bərabərliyi və qadın hüquqlarının qorunmasına həsr olunan bu bayram Avropa ölkələrində isə qeyri-iş günü kimi hesab edilmir.

  Daha çox post Sovet ölkələrində təntənəli şəkildə qeyd olunan 8 Mart tarixində, əvvəllər Şərqi Almaniyada kişilərin xanımları qeyd etdiyi halda, Qərbi Almaniyada ümumiyyətlə bayramın sözü belə getmirdi. Şərqi və Qərbi Almaniya birləşdikdən sonra isə hər iki tərəfdə sözügedən gün öz mahiyyətini itirdi.

  Bolqarıstanda bu gün iş günü olduğundan bütün tədbirlər daha çox işdən sonra keçirilir. Kollektiv şəkildə kafe və ya restorana gedib, 8 Mart Bayramını qeyd etməyi sevən bolqar xanımlar da tədricən bu adəti yadırğamağa başlayırlar.

  Polşa isə bu günü güllər və çiçəklərlə qeyd edir. İstənilən yaşda olan xanımlar bu gün mütləq qaydada bayram təbriki alırlar.

  Fransada mətbuat nümayəndələri bu barədə məlumat verməsələr, əhalinin böyük bir qismi çox güman ümumiyyətlə belə bir tarixin mövcud olmasından xəbər tutmazlar. Fransız xanımlarının əsas bayramı 2 ay sonra, may ayında, Analar günündə qeyd olunur. Məhz o gün onlar özlərini əsl kraliça kimi hiss edirlər.

  İtalyan xanımlar isə 8 Mart tarixini əks cinsin nümayəndələrindən uzaq şəkildə qeyd etməyi seçirlər. Onlar öz rəfiqələri ilə birlikdə əylənməyi seçir və işdən sonra (bəli, İtaliyada da bu gün adi iş günüdür) onlar üçün təqdim olunan müxtəlif məkanlara gedirlər. Misal üçün Genua şəhərində kral sarayı xanımlar üçün pulsuz ekskursiyalar təşkil edir.

  Sizin Avropa komandası isə öz növbəsində ilin günündən və yerləşdiyiniz məkandan asılı olmayaraq, xanımlarımıza hər zaman xoşbəxt, sağlam və pozitiv olmağı arzulayır.