1 noyabr Bakıda, Rotunda Roof-da  Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində «Bakının qorunub saxlanılan inciləri» adlı POP UP muzeyinin açılışı oldu. 



Bu muzey Bakının, demək olar ki, 25 əsrlik tarixini, şəhərin inkişafına, mədəniyyət və memarlıq tarixinə öz töhfəsini vermiş ayrı-ayrı tanınmış klanların və şəxsiyyətlərin tarixini əks etdirən materialları təqdim etmişdir. 



Sərginin kuratoru Azərbaycanın məşhur memarı Elçin T. Əliyevdir. O, bu ideyanı həyata keçirmək üçün hansı çətinliklərlə qarşılaşdığını söylədi. Lakin bütün bunlara baxmayaraq, Elçin T. Əliyev bu sərgini yaratmağı bacardı.



Elçin T. Əliyev Bakıdakı Qərbi Kaspi Universitetinin professorudur, memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitabın və 140 elmi məqalənin müəllifidir.



Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.