14 Oktyabr Bakıda İspaniyanın milli bayramı – İspaniya Milləti Günü, yaxud İspaniya Sivilizasiyası Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
 
İspaniyanın Azərbaycandakı səfiri İqnasio Sançes Taboada rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. Bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra bir çox sahələrdə qarşılıqlı münasibətlər inkişaf etdirilib. Bu əlaqələr zaman keçdikcə daha da genişlənir.


Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.


Gecənin davamında unudulmaz flamenko konserti keçirildi. İspaniyadan gəlmiş musiqiçilər və rəqqaslar ziyafətin qonaqları üçün valehedici və enerji dolu konsert proqramı təqdim etdilər.


Qeyd edək ki, Oktyabrın 12-də İspaniyada “Hispanidad” milli bayramı – İspaniya Milləti Günü, yaxud İspaniya Sivilizasiyası Günü qeyd edilir. Bu bayram ispan xalqına, mədəniyyətinə, dilinə, özünüdərkinə və tarixinə həsr olunub.