İyulun 18-də Landmarkın 22-ci mərtəbəsində Belçikanın Milli Günü münasibətilə möhtəşəm tədbir keçirilmişdir.

Belçika Krallığının Azərbaycandakı səfirliyi Krallığın əsas bayramı olan Belçika Milli Günü münasibətilə ziyafət təşkil etmişdir. Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs gecənin bütün qonaqlarını salamladı, bu bayramın tarixindən danışdı və hər kəsə əla axşam arzu etdi.

Belçika Krallığını bu Dövlət bayramı münasibətilə diplomatik missiyaların başçıları, diplomatlar, mədəniyyət və elm xadimləri, həmçinin biznes və media nümayəndələri təbrik etmək üçün toplaşmışdır.

Ziyafətin qonaqlarına Belçika milli mətbəxinin yeməklərindən və qəlyanaltılarından, Belçika pivəsi, eləcə də bütün dünyada tanınan Belçikanın şokoladından ibarət dadlı furşet təqdim edilmişdir.

 

Həmçinin oxucularımıza səfir Bert Şufs ilə kiçik müsahibəmizi təqdim edirik:

-Bir az bu günün tarixi və onun əhəmiyyəti haqqında danışın…

Belçikanın milli günü həm də Belçikanın Niderlanddan müstəqillik günüdür, ona görə də bu gün Belçika xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu il 21 iyul ölkəmizin müstəqilliyik əldə etməsinin 189-cu, kral Filipin tax-taca çıxmasının isə 6-cı ildönümünü qeyd edirik.

-Belçikada Azərbaycan turistlərinə səfər etməyi məsləhət gördüyünüz yer?

Mən bilirəm ki, bir çoxları Belçikanın paytaxtına səfər edirlər, lakin bütün səyahəti Brüsseldə qalmağı məsləhət görmürəm, mütləq şəhərdən çıxıb Belçikanın kəndlərinə baş çəkməlidirlər.

 -Belçikada ilk növbədə dadmağa məsləhət gördüyünüz təamlar?

Əlbəttə ki, ilk növbədə bütün dünyada məşhur olan, təmiz kakaodan hazırlanan, Belçika şokoladı, və "french fries", hansı ki fransız yeməyi hesab olunur, lakin bu, Belçika milli yeməyidir.     

-Bəs Azərbaycanda siz nəyi sevirsiniz?

 Azərbaycanda insanlar çox qonaqpərvər və mehribandırlar, burada həmişə özünü evindəki kimi hiss edirsən. 

 

Qeyd edək ki, Belçikanın Milli Günü hər il 21 iyul ayında qeyd olunur.