Bu gün haqqında yazacağımız şəhərcik bəlkə də dünyanın ən maraqlı şəhərləri sırasındadır.
Onu maraqlı edən isə nə gözəl təbiəti, nə tarixi memarlıq abidələridir. Sözsüz ki, bu faktorlar öz yerindədir, lakin şəhəri maraqlı edən əsas nüans onu hissə-hissə 2 müxtəlif ölkəyə tabe edən sərhəddir.

  Söhbət Belçikanın Baarle-Hertog şəhərindən gedir. Belçika sözünü yazarkən də, bir az fasilə verdik. Axı bu şəhər həm də Hollandiyaya məxsusdur.

  Şəhərin ərazisi 24 müxtəlif sahələrə bölünüb. Şəklə diqqət yetirin. Ağ rənglə işarələnən hissələr Hollandiyaya, sarı rənglilər isə Belçika ərazisidir.



  Gördüyünüz kimi, şəhər müəyyən edilmiş bir xətt üzrə bölünməyib.

  Bu çılğınlıq əsrlər öncə başlayıb. Qumar oyunlarını sevən fermerlər və torpaq sahibləri, uduzduqları zaman öz əmlakları ilə borclarını ödəyirdilər. Nəticədə isə bu gün nəinki müxtəlif sahələrinin 2 dövlətə məxsus olduğu, həmçinin eyni sahədə yerləşən obyektlərin fərqli dövlətlərə aid olduğu bir şəhər alındı - Baarle-Hertog.

  Təsəvvür edin, bəzi kafelərdə masaların bir hissəsi Hollandiyaya, digər hissəsi Belçikaya məxsusdur.
Hollandiya qanunlarına əsasən bu kafelər Belçikaya nisbətən daha erkən saatlarda bağlanırlar. Buna görə də kafedə əyləşən insanlar daha çox qalmaq istədikləri təqdirdə, masalarını dəyişərək Belçika tərəfə keçirlər.



  Ev və müxtəlif obyekt sahibləri giriş qapıları hansı ölkənin ərazisinə düşürsə, həmin ölkənin qanunvericiliyinə əsasən vergi ödəməlidirlər. Çox gözəl! Belçikanın vergi qanunları xoşunuza gəlmir? Problem deyil! Qapınızın yerini dəyişirsiniz və siz artıq Hollandiya qanunlarına əsasən vergi ödəyirsiniz.

 

  Həmçinin bu iki ölkənin yol hərəkəti qaydaları və sürət limitləri də fərqlənir. Lakin etiraf etmək lazımdır ki, eyni yolu gedərkən müəyyən məsafədən bir sürət limitinin və yol qaydalarının dəyişilməsi, çox vaxt işgəncəyə çevrilir.

  Ağıllı iş adamlarından biri isə mövcud vəziyyətdən istifadə edərək belə bir hiyləyə əl atır. O bank inşa etdirir və bankın binası Belçikanın ərazisində olduğu halda, giriş qapısı Hollandiya sərhədinə düşür. Beləliklə uzun müddət Belçika vergi xidmətinin nümayəndələri qapısı Hollandiya ərazisində yerləşdiyi banka üçün daxil ola bilmirlər, Hollandiya nümayəndələrinin isə Belçika ərazisində yerləşən kassalara müdaxilə etməyə icazələri yoxdur. Sonradan bu problem hər iki dövlətin birgə səyi nəticəsində həll olunur.

  Beləliklə, nahar yeməyinizi Belçikada yeyib, qəhvənizi Hollandiyada içmək istəsəniz, imkansızdır deməyin. Baarle-Hertoga gedin. 

Yazdı: Könül Hilal.