Hər kəsə salamlar!
  Mən Abutab Abbasova, Azərbaycanda Gənc Avropa Səfiriyəm və təhsil sektorunda işləyirəm. Bu gün sizlərə keçən yay iştirak etdiyim Alpbach Avropa Forumundan (European Forum Alpbach) bəhs etmək istəyirəm.



   Bir sözlə, mənim üçün çox unudulmaz bir təcrübə oldu. Təhsil aldığım zaman kitablarını oxuduğum məşhur professorlar Cozef Stiqlits və Cefrey Saks ilə tanış olmağımdan əlavə, onlar və digər dünyada və xüsusilə də Avropada tanınmış siyasətçilər (məsələn, Avstriyanın prezidenti, kansleri, BMT-nin keçmiş baş katibi (Pan Gi Mun), Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti mətbuat katibi və s.), akademiklər və iş adamlarının seminarlarında iştirak etmək və gündəmdə olan məsələləri müzakirə etmək şansı əldə etdim. Digər bir yandan dünyanın hər bucağından gələn seçilmiş şəxslərlə tanış olmaq imkanı əldə edərək cəmiyyətdəki problemləri həll etmək üçün ideya və fikir mübadiləsinə qoşuldum.



   Heç bir zaman yadımdan çıxmayacaq məqam isə beynəlxalq gecədə 1000 nəfərə yaxın tamaşaçının qarşısında yeni tanış olduğum insanlar ilə süni sərhədlər ilə bağlı göstərdiyimiz performans idi. 

   Yəqin ki, çoxlarınızda Alpbach Avropa Forumunun nə olduğu ilə bağlı maraq yarada bildim. Bu səbəbdən aşağıda sizlərə forum haqqında məlumat, təqaüdlər və müraciət prosesi ilə bağlı məlumat verməklə yanaşı, öz tövsiyələrimi bölüşəcəm. 


 
    Alpbach Avropa Forumu nədir?
   1945-ci ildən bəri hər il Avstriyanın Alpbach kəndində baş tutan elm, siyasət, biznes və mədəniyyəti əhatə edən interdissiplinar forumdur. Bəli, bu il Alpbach Avropa Forumu(19 avqust- 4 sentyabr 2020) 75 illiyini qeyd edir. Hər il müəyyən bir mövzu seçilir və fərqli sahələrin perspektivindən bu mövzunun müzakirəsi təmin olunur. Keçən il bu mövzu “Azadlıq və Təhlükəsizlik”, bu il isə “Əsaslar”dır (Əlavə məlumat üçün baxa bilərsiniz- https://www.alpbach.org/en/forum/forum2020/). İlk həftə seminar həftəsi olur. İştirakçı 30 seminardan ikisini (1 sabah və 1 günorta) seçərək maksimum 30-40 nəfərlik qruplarda dərslər keçir (Bu il baş tutacaq seminarların siyahısı- https://www.alpbach.org/en/event/sem20/).
 
   Növbəti həftə isə sağlamlıq, siyasət, hüquq, iqtisadiyyat, maliyyə bazarı ilə bağlı simpoziumlar baş tutur. Eyni vaxtda müxtəlif yerlərdə bir neçə tədbir keçirildiyi üçün darıxmağa vaxt tapmaq olmur. Rəsmi seminarlar, forumlar, simpoziumlardan kənar orada qaldığınız qısa müddət ərzində içinizdəki yaradıcılığı və ideyanızı ortalığa çıxartmaq üçün tədbir təşkil etmək, müsabiqələrdə iştirak etmək və çıxışlar etmək şansı əldə edəcəksiniz.
Bunlara mənim özümün iştirak etdiyi beynəlxalq gecəni, frans festivalını, natiqlərin gecəsini və s. misal göstərmək olar.  Həmçinin heyran olacağınız bir digər məqam ətrafda və tədbirlərdə sənət əsərlərinin nümayişi, incəsənət xadimlərinin çıxışlarıdır.



   Və son olaraq bütün bu qeyd etdiklərimin hamısının cənnətdə- təbiətin qoynunda baş tutması…Bu elə özü insanın gecə saat 4-ün qaranlığında dağlara çıxması (hiking) üçün səbəbdir. 
 
   Təqaüdlər
   Hər il 700 nəfərə yaxın şəxsə Alpbach Avropa Forumunda iştirak etmək üçün təqaüd ayrılır. Məsələn, daha dəqiq desək, 2019-cu ildə ümumilikdə 95 ölkəni təmsil edən 660 nəfər təqaüd qazanmışdır. Müraciət prosesini müvəffəqiyyətlə tamamlamış şəxslərə üç cür təqaüd verilə bilər. Bunlar aşağıdakı kimidir: 
  1. Sadə təqaüd-ancaq forumda iştirak haqqı (1600 euro) qarşılanır. 
  2. Natamam təqaüd- forumda iştirak haqqı (1600 euro) və iştirakçının Alpbach-da qalacağı müddətdə yaşayış xərcləri (günə 30 euro) qarşılanır. 
  3. Tam təqaüd- forumda iştirak haqqı (1600 euro), iştirakçının Alpbach-da qalacağı müddətdə yaşayış xərcləri (günə 30 euro) və bu müddətdə gündəlik xərclər (günə 17 euro) qarşılanır. 
 
    Mənim keçən il tam təqaüd almağımdan savayı səyahət xərclərimin bir qismi də qarşılanmışdır. Amma normalda heç bir təqaüd növü səyahət xərclərini qarşılamır. Bu səbəbdən də özümü şanslı hiss edirəm. 


 
    Necə müraciət etmək olar və mənim bu barədə tövsiyələrim
  Müraciətlər onlayn şəkildə baş tutur. İki hissədən ibarət müraciət formu hər bir şəxs tərəfindən doldurulmalıdır. Qeyd etmək istərdim ki, təqaüdə müraciət üçün 18-30 yaş aralığında olmalısınız. Rəqabət çox olduğu üçün cəmiyyəti düşünən, sosial aktiv və illik mövzu ilə həqiqətən maraqlanan şəxslər axtarışındadırlar. Digər vacib tələb olunan məqamlardan biri isə ingilis dilində minimum B2 səviyyəsidir. Dil sertifikatlarınızı dil səviyyənizi sübut etmək üçün sistemə yükləyə bilərsiniz (İELTS akademik (minimum 5.5), TOEFL iBT (minimum 72), CPE və ya CAE (minimum 162), MUET (minimum 5)). Siz əgər ingilis dilində təhsil alırsınızsa, universitetinizdən arayış, ingilis dilli ölkədə təhsil almısınızsa, bunu sübut edəcək hər hansı bir sənəd bəs edəcəkdir. Əgər bu sənədlərin heç birini göstərə bilmirsinizsə, universitet müəllimizdən, işə götürən və ya məktəbinizdən B2 səviyyəyə çatdığını göstərən təsdiq məktubunu da sübut kimi əlavə edə bilərsiniz. Bir digər tələb isə, minimum 12 günlük iştirak üçün vaxtınızın olmağıdır. Bunlardan əlavə, universitet/məktəb diplomunuz, transkriptiniz və ya iş yerindən arayış tələb oluna bilər. 
 
   Tövsiyələrimə gəldikdə isə, motivasiya məktubuna önəm verməyinizi məsləhət görərdim. Siz onlara illik mövzunu başa düşdüyünüzü və həqiqətən maraqlandığınızı verilən suallara dəqiq cavab yazmaqla göstərməlisiniz. Öz təcrübənizi əlavə etməyi unutmayın, çünki sizi digərlərindən fərqləndirən şəxsi yanaşmağınızdır. Həmçinin sizə niyə tam təqaüd verilməlidir sualını cavabladıqda, çalışın mümkün qədər detallı şəkildə niyə həqiqətən ehtiyacınız olduğunu açıqlayasınız. 
 
   Əmin olun ki, Alpbach Avropa Forumu heç bir zaman unutmayacağınız bir təcrübə olacaq. 
 
   Uğurlar!