Dünyanın ən qədim kofe  evi olan  Caffè Florian 2020-ci ildə 300 illik yubileyini qeyd etməyə hazırlaşır.

  İtaliyanın Venesiya şəhərində, St. Mark meydanında, Procuratie Nuove'nin arkaları altında 29 Dekabr 1720-ci ildə inşa edilən Caffè Florian haqlı olaraq şəhərin simvollarından biri sayılır. Floriano Francesconi tərəfindən "alla Venezia Trionfante" adı ilə açılan və qısa müddətdə havadarları tərəfindən "bottega da kafe" (günün kafesi) kimi tanınan "Florian's" D'annunzio, Goldoni və ya Casanova kimi önəmli şəxslərin tez-tez ziyarət etdikləri məkanlarından birinə çevrilir. Lakin Floraian Kafesinə məşhurluq gətirən başqa bir önəmli hadisə, Venesiyada nəşr olunan ilk qəzetin – “Gazetta Venetta”nın məhz burada satılmasıdır.

  

 Venesiyanın Avstriya imperiyasına daxil edilməsindən sonra Florian Kafesi italyan patriotların, imperiyaya qarşı etiraz edənlərin görüş məkanına çevrilir. Bu tarixi kafe haqqında Balzak qeyd edir: Florian eyni zamanda birja, teatr foyesi, qiraət zalı və etiraf guşəsi idi: tacirlər burada əqd imzalayır, vəkillər müştəriləri ilə görüşlər təşkil edir, bəzilər bütün gününü burada keçirir, yaxınlıqda yerləşən “La Fenice” teatrının aktyorları isə tamaşalar arası fasiələrdə bura gələrək istirahət edirdilər.


  
  1858-ci ildə Cafe Florian yeni sahibinin himayəsinə keçir və bu günümüzə qədər gəlib çıxan yeni interyeri dizayn edilir. Kafenin daxilində 5 zal yaradılır:
  Sala degli Uomini Illustri (Tanınmış insanlar zalı) - Bu zal, Culio Karlini tərəfindən çəkilmiş, 10 məşhur Venesiyalı şəxsin şəkillləri ilə bəzədilmişdi. Bunlar dramaturq Karlo Qaldoni, səyyah Marko Polo, rəssam Tiziana, hakim Enriko Dandolo, Françesko Marozini və Petro Orseolo, memar Andrea Palladio, bəstəkar Benedetto Marçello, alim Paolo Sarpi və admiral Vettora Pizaninin şəkilləridir.

  Sala del Senato (Senat zalı)  - Rəssam Kasanın “İnkişaf və Sivilizasiya xalqaları xilas edəcək” mövzusunda çəkdiyi şəkillər ilə bəzədilib.
 
  Sala Cinese (Çin zalı)  və Sala Orientale (Şərq zalı) – Bu zallarda Paşuti sevgililərin və ekzotik gözəllərin təsvirlərini yaradıb.
 
  Sala delle Stagioni (İlin mövsumləri zalı) – Həmçinin Aynalı zal (Sale degli Specchi) olaraq da bilinən zalda Rota ilin 4 mövsümünü qadın obrazlarından istifadə edərək təqdim edib.

  XX əsrdə isə Sala Liberty (Azadlıq zalı) əlavə olunur. Bu zal güzgülər və taxta işləmələr ilə seçilir.
  Bunu da mütləq qeyd etməliyik ki, Cafe Florian kifayət qədər yüksək qiymətləri ilə seçilir və “təəssüratlar iqtisadiyyatı” üçün gözəl nümunə hesab edilir.

  İtaliyada ikinci ən qədim kofe evi isə, Caffè Florian'dan 40 il sonra 1760-cı ildə yaradılan Romanın Caffè Grecodur.