Hər ölkənin bayram üçün öz ənənəvi reseptləri var. Milad və Yeni il bir çox ölkələrin mədəniyyətində xüsusi yer tutur və bu ölkələrin hər birinin öz bayram menyusu olur.

Bu məqalədə sizə Avropanın müxtəlif ölkələrinin fərqli Milad desertlərini təqdim edəcəyik.

Fransa


Fransada Milad vaxtı “Milad odunu” (“bûche de noël”) adlanan şirniyyat bişirilir. Rulet şəklində hazırlanan bu desert Milad odununun yandırıldığı Orta Əsrlərdən başlayaraq ənənəyə çevrilmişdir. 

Ruletin görünüşü çox vaxt insana odun parçasını xatırladır. Həmçinin qar effekti yaratmaq üçün onun üzərinə şəkər tozu səpilir.

İngiltərə


Dekabr ayında hər bir ingilis ailəsində Milad pudinqi bişirilir. Pudinq Miladdan bir neçə həftə əvvəl hazırlanır, soyuq yerdə saxlanılır və bayramın ilk günü süfrəyə verilir.

Əksər hallarda pudinqin tərkibində quru meyvələr, qoz-fındıq və donuz piyi olur.

İslandiya


Milad ərəfəsində İslandiyada “vínarterta” adlanan piroq bişirilir. Bu desert bir neçə qatdan ibarət olduğuna görə, “zolaqlı xanım keksi” də adlanır. Bu şirniyyat badam və/və ya hil aromatizatorlu biskvitlər və gavalı cemindən hazırlanır. Cemin tərkibində, həmçinin hil, darçın, vanil və mixək kimi ədviyyatlar da olur. Vínarterta süfrəyə qəhvə ilə birlikdə verilir.

Şotlandiya


Şotlandlar şirniyyatı çox sevirlər. Onlar bütün bayramlarda fərqli çeşiddə desertlər hazırlayırlar. Milad bayramında Şotlandiyada süfrəni pudinqlər, almalı kekslər və kremdən hazırlanmış “kranaçan”lar bəzəyir. Kranaçanın tərkibində krem, qızardılmış yulaf yarması, viski, bal və moruq olur. Bu desert stəkanlarda təqdim edilir.

İrlandiya


İrlandiyada bayram süfrəsində “Ginnes keksi” adlandırılan qeyri-adi bir desert görə bilərsiniz. Olduqca ləziz görünən bu desert tünd pivədən hazırlansa da, acı dadmır.

Portuqaliya


Portuqaliyada Milad bayramında bütün evlərdə onların ənənəvi deserti olan “bolo rei” keksi hazırlanır. Bu şirniyyat Portuqaliyada qış fəslinin simvolu hesab olunur və Dekabrın əvvəlindən Yanvarın 6-na qədər süfrəyə verilir. Keksin üzərindəki şirin meyvələr və qoz-fındıq onu taca bənzədir. 

Yunanıstan


Vətəni Yunanıstan olan Melomakarona bu ölkədə Milad süfrəsinin ayrılmaz parçasıdır. Bu desert balla hazırlanmış şirin peçenyelərdən ibarətdir. 

Macarıstan


Macarıstanda Cozef S.Dobos 1885-ci ildə bu deserti hazırlayarkən onun, həqiqətdən də, böyük bir üstünlüyə malik olduğunu anladı. Çünki bu deserti 10 gün ərzində yemək mümkündür.

Macarlar Milad ərəfəsində ənənəvi olaraq “Dobos” tortu bişirirlər. Bu tort üzərinə şokolad kremi və karamel sürülən 6 qatdan ibarət olur.

Latviya


Latviyada, eləcə də Estoniya və Finlandiyada Milad bayramında “piparkūkas” adlanan peçenyelərdən dada bilərsiniz. Bu peçenyelərin tərkibində zəncəfil, istiot və digər ədviyyatlar olur.

İtaliya


Milad ərəfəsində İtaliyada panettone və ya pandoro yeyə bilərsiniz. Deyilənə görə, italyanlar bu 2  desertdən hansını daha çox xoşladığından asılı olaraq iki qrupa bölünürlər.

Panettone tərkibində şirin meyvə olan yüngül və şirin piroqdur. Bu desertin romantik tarixçəsi var. Deyilənə görə, bir çörəkçinin şagirdi panettoneni ilk dəfə məhz öz sevgilisi üçün hazırlayıb.

Vətəni Verona olan və piramidaya bənzəyən Pandoro isə şirin xəmirdən hazırlanır.

 



Yazdı: Xatirə Vəliyeva