Bu soyuq, boz və küləkli mart günündə ehtiyacımız olan enerji mənbələrindən biri sözsüz kofedir. Üstəlik nəzərə alaq ki, bu gün həm də bazar ertəsidir. Azərbaycanda yaşayan əhalinin böyük əksəriyyəti hər nə qədər çay içməyi daha çox sevsə də, kofe sevərlərin sayı da günü-gündən artmaqdadır.

  Bu xəbərimiz də məhz kofe sevərlər üçündür. Dünyada il ərzində kofeyə həsr olunmuş çox sayda tədbirlər keçirilir. Bu tədbirlərə müxtəlif sərgilər, festivallar, master-klaslar daxildir. Enerji mənbəyi hesab olunan bu sərt və sərt olduğu qədər də ecazkar içkiyə həsr olunan növbəti festival isə Mart ayında Amsterdamda baş tutacaq.  Festival 13 mart tarixində başlayacaq və 1 həftə boyunca davam edəcək.


 
  12.500-dən çox ziyarətçinin gəlməsi gözlənilən Amsterdam Kofe Festivalı 2020, kofe mütəxəssisləri, kofe sahəsində çalışanlar və ümumiyyətlə bütün kofe sevərlər üçün çox maraqlı olacaq.
Festivalda müxtəlif kofe növlərinə aid stendlər, dünya səviyyəli baristalar tərəfindən keçiriləcək master klaslar, interaktiv atelye, tərkibində kofe olan müxtəlif kokteyllər, canlı musiqi, sənət sərgiləri yer alacaq.
Festival, həmçinin SCA NL Latte Art finalına ev sahibliyi edəcək; Hollandiya Brewers Kuboku və Cuptasters çempionatı.

  Amsterdamdan dərhal sonra növbəti festival Parisdə, martın 20-də başlayacaq. “Le Paris Café” festivalı bu il 6000-dən çox ziyarətçi üçün hazırlaşır. Xüsusi sənaye günü və kofeyə həsr olunmuş həftəsonu kofe sevərləri dünyanın ən romantik şəhərində bir araya gətirəcək.



  Yazın ilk ayı kofe səyahəti Polşada davam edəcək. Bu il 6-cı dəfə keçiriləcək Varşava Kofe Festivalı paytaxtın Mədəniyyət və Elm Sarayında təşkil olunacaq. Kofe sevərlər yeni kofe növləri ilə tanış olacaq və sevimli içkilər barədə çoxsaylı məlumat əldə edəcəklər.



  Və ayın son kofe tədbiri Slovakiyada baş tutacaq Çempionat olacaq. SCA Slovakia tərəfindən təşkil olunan müsabiqənin qalibi Melburnda keçiriləcək böyük finalda öz məharətini göstərməli olacaq.


 
  Gördüyünüz kimi Mart ayı kofe sevənlər üçün kifayət qədər maraqlı tədbirlər hazırlayıb və sizin bu macəraya qoşulmaq üçün hələ kifayət qədər vaxtınız var.