24 Mart tarixində, yəni dünən, bütün dünyanın sevimli personajlarına çevrilmiş Asteriks və Obeliksin yaradıcılarından biri Albert Uderzo dünyasını dəyişdi. Çılğın qalların karikaturalarının müəllifi, 92 yaşında, 93-cü ad gününə  1 ay qalmış ürək xəstəliyindən öz evində vəfat etdi. Onun həmkarı, Asteriks və Obeliksin digər yaradıcısı  Rene Qossini isə 1977-ci ildə vəfat edib.

    Asteriks və Obeliks haqqında komikslər seriyası 370 milyon tirajla buraxılıb, 100-dən çox dilə tərcümə edilib. Bundan başqa qalların macəralarına həsr olunan çoxsayda video oyunlar yaradılıb, filmlər və çizgi filmləri çəkilib.

   Asteriks barədə ilk komiks 1959-cu ildə “Pilot” jurnalında dərc olunur. Elə eyni sayda Asteriksin dostu Obeliks və onların sadiq köpəkləri İdefiksin də karikaturaları peyda olur.

   Komiskin müəllifləri Asteriksin adını seçərkən onun A hərfi ilə başlamasına xüsusi diqqət yetirmişdilər. Beləliklə, bütün komikslər siyahısında o həmişə 1-ci sıralarda idi.

   Asteriksin adına 1965 ci ildə buraxılan ilk fransız peyki və 1996-cı ildə asteroid adlandırıldı. Həmçinin Fransada eyniadlı əyləncə parkı da fəaliyyət göstərir – Park Asteriks.

   Asteriks və Obeliksin macəraları haqqında 4 bədii film çəkilib:

“Asteriks və Obeliks Sezara qarşı” – 1999-cu il. (Kristian Klavye)

“Asteriks və Obeliks – Missiya Kleopatra” – 2002 –ci il. (Kristian Klavye)

“Asteriks Olimpiya oyunlarında” – 2008-ci il. (Klovis Kornyak)

“Asteriks və Obeliks Britaniyada” – 2012-ci il. (Eduard Baer)

Obeliks rolunun ifaçısı məşhur fransız aktyoru Jerar Depardye idi.

Asteriks və Obeliks haqqında maraqlı faktlardan bəzilərini diqqətinizə çatdırmaq istərdik. Beləki, 2006-cı ildə Fransa və İtaliya arasında baş tutan futbol üzrə dünya çempionatı oyununu qallar və romalılar arasındakı döyüş kimi ifadə etmişdilər.

Asteriks və Obeliks Fransada “Time” jurnalının üz qabığında peyda olub.

İndi isə ən maraqlı fakt – Rəssam Albert Uderzo daltonik idi və rəsmlərini rəngləmələri üçün müxtəlif mütəxəssisləri dəvət edirdi. Məhz bu səbəbdən personajların saçlarının rəngi tez-tez müxtəlif olurdu.