Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün Avropada təhsil alan tələbələr ilə müsahibə etməyə davam edirik. 
 
Burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri öz hekayələri və təcrübələri ilə bölüşürlər. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik. 
 
Bugünkü qonağımız Hollandiyanın Amsterdam Universitetinin tələbəsi Kamal Dadaşov-dur. Həmyerlimiz Amsterdamdakı tələbə həyatından danışdı.



- Kamal, bizə bir az özünüz haqqında danışın, harada və nə oxuyursunuz?
 
- 18 yaşım var. Bakıda doğulub, yaşayıb, orta məktəbi bitirmişəm. Hal-hazırda Hollandiyanın paytaxtı Amsterdamda, “Foundation of BA” proqramı çərçivəsində təhsil alıram.
 
- Niyə təhsil almaq üçün məhz Amsterdamı seçdiniz?
 
- Əvvəlcə mənim məqsədim media sahəsində təhsil almaq idi. İndi mən Foundation proqramına qəbul olunmuşam, çünki 11 illik təhsillə bakalavr pilləsinə birdən düşmək mümkün deyil. Bir il “Business Administration” (Biznesin İdarəedilməsi) təhsili aldıqdan sonra “Media & Information” (Media və İnformasiya) fakültəsinə daxil olmaq istəyirəm. Bir neçə il əvvəl, mən universitet seçərkən, Amsterdam Universiteti dünyada “Media & Communication” ixtisaslı universitetlər sıralamasında birinci yerdə olduğunu öyrəndim. Bu, məni çox sevindirdi, çünki Amsterdamı çox sevirdim.
 
- Bir az universitetiniz və oxuduğunuz fakültə haqqında danışın.
 
- Amsterdam Universiteti 1632-ci ildə təsis edilib. Hal hazırda burada dünyanın hər yerindən 25 mindən çox tələbə təhsil alır. Mənimlə birlikdə, Foundation proqramında 500-dən çox tələbə təhsil alır, lakin yüksək rəqabət səbəbi ilə yalnız kiçik bir hissəsi Amsterdam Universitetinə daxil ola biləcək.