Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün Avropada təhsil alan tələbələr ilə müsahibə etməyə davam edirik. 

Burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri öz hekayələri və təcrübələri ilə bölüşürlər. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik. 

Bugünkü qonağımız Almaniyanın Darmştadt Texniki Universitetinin tələbəsi Vlada Şişkina-dır. Həmyerlimiz Almaniyadakı tələbə həyatından danışdı.



- Vlada bizə bir az özün haqqında danış, harada və nə oxuyursan?

- 23 yaşım var. Mən Darmştadt Texniki Universitetində oxuyuram, və bununla fəxr edirəm. Bakalavr ixtisasım mühəndis-geoloqdur, Almaniyada isə məni Hidrogeologiya və ətraf mühitin mühafizəsi fakültəsi maraqlandırdı. İndi magistr dərəcəsi alıram və qışda bir mühəndis-ekoloq olacağam.

- Niyə məhz bu universiteti və ixtisası seçməyə qərar verdin?

- Hələ Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmamışdan xeyli əvvəl mən və ailəm bilirdik ki, mən Almaniyaya gedəcəyəm. Mən bu ölkənin arzusunda idim və, yəqin ki, bizim ölkədə çoxları kimi, Avropada təhsil almaq istəyirdim. Darmştadt Texniki Universiteti isə Almaniyanın ən güclü universitetlərindən biridir. Mənim fakültəm isə orada ingilis dilindədir, bu da mənim üçün çox rahatdır. Alman dilini də bilirəm, amma İngilis dili uşaqlıqdan çox sevdiyim dildir.



- Universitetə necə daxil oldun? Təcrübən barədə bizə bir az məlumat ver.

- Oh, bu, mənim üçün olduqca təsir edici bir hekayədir, bu duyğuları heç unutmayacağam. Bakalavrın 3cü kursunda anamla artıq mənim köçməyim üçün hazırlaşmağa başlamışdıq. Beləliklə, İngilis dili imtahanı (IELTS), universitetlər və yataqxanalar axtarışı və s. Darmştadt Texniki Universitetindən cavabı doğum günümdən bir həftə sonra aldım. Yadımdadır, yerə necə oturmuşdum, elə bil, səsim kəsilmişdi, mən sadəcə, xoşbəxtlikdən və eyni zamanda təəccübdən səssiz ağlamağa başladım, nədənsə, sonuna qədər inanmırdım.



- Qəbulda ən çətin nə idi?

- O vaxt şəxsən mənim üçün heç bir çətinlik yox idi, sadəcə çantalarımı yığdım, hava limanına gəldim, dərindən nəfəs aldım və uçdum. Mən xoşbəxt idim. Bunu yaxşı xatırlayıram. Belə ki, yəqin ki çətinlin, poçt şöbəsinə qaçmaq və bütün sənədləri göndərmək idi, çünki bunlar yalnız DHL poçt vasitəsilə mümkündür. Həmçinin məsafədə olduğum üçün özüm üçün bir yaşayış yeri axtarmaq üçün və hər kəslə Skype-da video zəngləri təyin etmək lazım idi ki, onlar mənimlə tanış olsunlar.

- Avropa universitetlərində təhsilin müsbət cəhətləri hansılardır?

- Mənim üçün xaricdə təhsil almağın əsas məqamı müəllim və tələbələrin bərabər şərtlərlə olmasıdır. Onlar səninlə zarafat edirlər, sonuna qədər öyrədirlər, sənə əlavə vaxt təyin edirlər ki, gələsən və mühazirə vaxtı başa düşmədiklərini öyrənəsən, onlar vəziyyətə görə, şəxsi şəraitə görə hər cür güzəştlərə gedirlər. Həm də çox sayda praktik səfərləri sevirəm. Məsələn, Yunanıstana getdik (istirahət etməyə də vaxtımız oldu), orada suyun təmizlənməsi üçün müəssisələrə getdik. Hanoverə bir səfərimiz var idi, bir şirkət tərəfindən mühazirəyə dəvət olunmuşduq, Alman müəssisələrinin daxili mətbəxini, orada hər şeyin necə qurulduğunu göstərdilər. Bu, böyük bir təcrübə idir, çünki biz hamımız gələcək üçün əlaqə qurduq.



- Bəs hər hansı mənfi cəhətləri varmı?

- Əlbəttə, mənfi cəhətlər var. Bu normaldır. Amma mən onlara elə də hazır deyildim -  elə bil hamısı bir anda məni tapdılar və üzərimə töküldülər. Mənim üçün bir və bəlkə də ən vacib problem digər tələbələrlə ümumi dil tapmaq idi. Məndən əlavə Papua, Yeni Qvineya, Şri-Lanka, İndoneziya, Meksika, Pakistandan tələbələr var. Azərbaycandan bu fakültənin bütün tarixində mən tək tələbəyəm. Onların mentalitetinə, ünsiyyət tərzinə yad idim və hələ də yadam. Əlbəttə, Bakıda doğulmağım məni onlardan çox fərqləndirirdi. Özüm üçün heç bir dost tapmadım, amma təhsilimin sonunda artıq 4-cü semestrdə ən azı danışa biləcəyim insanları tapdım. Amma heç nəyə görə təəssüflənmirəm, başa düşürəm ki, hamımız fərqliyik.

- Təhsildən asudə vaxtlarında nə ilə məşğul olursan? Bir az da Almaniyada həyatın haqqında danış.

- Təhsil, əslində, mənim zamanımın əsas hissəsini tutur, boş vaxtlarım demək olar ki olmur. Tədris cədvəli ilk gündən ideal idi, amma dil doğma olmadığından, onu yaxşı bilsəmdə, imtahanlara hazırlıq üçün iki dəfə çox vaxt sərf etməli oluram. Bir çox fənlərdə məsələlər həll etmək və ya laboratoriya işləri aparmaq üçün lazım olan seminarlar var. Belə isə, Almaniyanın digər şəhərlərində qohumlarım yaşayır, məndən 2 saatlıq məsafədə,  bir-iki günlük onlara baş çəkirdim.



- Yaxın bir neçə il üçün planlarından danışın, universiteti bitirdikdən sonra Almaniyada qalmağı və karyeranı orada davam etdirməyi planlaşdırırsanmı?

- Bunu söyləyəcəyimi düşünməzdim, amma mənim birmənalı cavabım var ki, Almaniyada qalmayacağam. Ailəm, nişanlım, yaxın dostum, bütün bu insanlar məndən uzaqdırlar və heç bir pul və perspektiv üçün onları əbədi tərk etməzdim. Beləliklə, hesab edirəm ki, Avropa təhsili ilə mən ürəyimcə bir iş tapa bilərəm.

P.S. Hər kəsə Avropada təhsil təcrübəsini sınamaq və başqa bir ölkədə tək qalmaqdan çəkinməməyi arzu edirəm. Siz vətəninizi tərk etmirsiniz, gələcəyinizi qurursunuz. Gənc ikən fürsətdən istifadə edin, sonra daha çətin olacaq. Bunlar təsviredilməz xatirələr və bütün bu çətin yola dəyər olan böyük bir təcrübədir.