Avropa Azərbaycanda

9-cu Avropa Film Festivalına Bakıda start verildi

2018/10/05 / 311

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Proqrama 17 Avropa İttifaqı ölkəsindən (Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq), eləcə də Norveç və Azərbaycandan 19 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilmişdir.

Keçən illərdə olduğu kimi festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə keçiriləcək master-klasslar və müzakirələrdə iştirak etmək imkanı təklif ediləcəkdir. Festivalın qonaqları rejissura, kamera, montaj və ssenari sahəsində 30 ildən artıq təcrübəsi olan Hollandiyanın film rejissoru Mark Verkerk və uğur qazanmış natura filmlər silsiləsinin quruluşçu rejissoru İqnas van Şaik, Bolqarıstanın film və televiziya seriallarının ssenaraisti Teo Çepilov və Litvanın məşhur sənədli film rejissoru Arunas Matelisdir. Bütün tədbirlər ictimaiyyət üçün açıq şəkildə təşkil ediləcək və "yer birinci gələnindir" prinsipi əsasında giriş sərbəst olacaqdır.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir.

Avropa Film Festivalı, filmlərin qrafiki və təfərrüatları barədə əlavə məlumat üçün www.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan və Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Facebook tədbir səhifəsinə müraciət edin.