Fransa, Almaniya, Böyük Britaniya, Avstriya, Çexiya, Xorvatiya, Macarıstan, Rumıniya və bir çox digər ölkələrdə keçirilən ən möhtəşəm Milad yarmarkalarında artıq taxta evciklər və Milad dekorasiyaları quraşdırılıb. Sənətkarlar Milad bayramına aid nəfis əl işləri satır, digərləri kökə bişirir, qlintveyn süzür və Milad bazalarını gəzərkən sizi soyuqdan qorumaq üçün yun sviter, papaq, şərf toxuyurlar.

Bu il Milad bayramının yaddaqalan olmasını istəyirsiniz? Elə isə, bu məqalədə sizə Avropadakı 10 ən yaxşı Milad yarmarkasını və Yeni ili keçirə biləcəyiniz ən gözəl Avropa şəhərlərini təqdim edəcəyik. 

1. Estoniyanın Tallin şəhəri


Bu il dünyanın müxtəlif ölkələrindən olan minlərlə insan Tallini Avropadakı “Ən yaxşı Milad yarmarkası” tituluna layiq görüb.

Tallindəki Milad yarmarkası öz rahatlığı, tarixiliyi, yüksək səviyyədə qorunaraq dövrümüzə qədər gəlib çatmış orta əsr tikililəri və adət-ənənələri ilə hər kəsi valeh edir. Son illərdə Tallindəki Milad yarmarkası dünyada ən yaxşı Milad yarmarkalarından biri seçilib.

Müddəti: 15 noyabr 2019-cu ildən 7 yanvar 2020-ci ilə qədər

2. Macarıstanın Budapeşt şəhəri


Macarıstanda bu tədbirin təşkilatçıları çalışırlar ki, bu şəhərdə keçirilən Milad yarmarkası hər il dünyada ən gözəl Milad yarmarkaları sırasında olsun. Bazilikadakı “Advent” (İsa Məsihin ikinci gəlişi) mərasimi zamanı Budapeştin ən böyük kilsəsi qarşısında möhtəşəm Milad ab-havası hiss olunur. Açıq havada keçirilən bayram yarmarkasında hər kəsi zövqlü Milad hədiyyələri, macar və dünya mətbəxinin ləziz nümunələri gözləyir.

Müddəti: 22 noyabr 2019-cu ildən 1 yanvar 2020-ci ilə qədər

3. Fransanın Strasburq şəhəri


Strasburqdakı Milad yarmarkası Fransada ən maraqlı Milad yarmarkasıdır və Avropada ən qədim Milad yarmarkalarından biridir. Hazırda Milad yarmarkası YUNESKO-nun dünya irsi siyahısında yer alan Qrandil-in mərkəzində təşkil olunur.

4. Avstriyanın Vyana şəhəri


Vyana, demək olar ki, Avropada səyahət üçün ən gözəl şəhərdir. Bu sehrli şəhər Miladı ailənizlə və ya sevdiyiniz şəxslə birlikdə qeyd etmək üçün mükəmməl yerdir. Vyanadakı Milad yarmarkası Avstriyada ən yaxşı Milad yarmarkasıdır və Avropada ən gözəl Milad yarmarkalarından biridir.

Noyabr ayının ortalarından Milad bayramına qədər Vyananın ən valehedici küçələri rəngarəng Milad yarmarkasına çevrilir. Milad yarmarkasında bişirilən kökələrin ətri və qlintveyn həqiqətən sehrli bir atmosfer yaradır.

Müddəti: 15 noyabr-26 dekabr 2019-cu il

5. Almaniyanın Erfurt şəhəri


Erfurtun Milad yarmarkası Avropada təşkil olunan ən yaxşı Milad yarmarkalarından biridir. Orta əsr şəhəri olan Erfurtda keçirilən Milad yarmarkası Almaniyada ən çox marağa səbəb olan Milad yarmarkaları içərisində yer alır. Kilsə Meydanı sehrli “Advent” ab-havası yaratmaq üçün mükəmməl yerdir.

Müddəti: 26 noyabr-22 dekabr 2019-cu il

6. Polşanın Poznan şəhəri


Poznanda keçirilən ilk Milad yarmarkası sayəsində bu şəhər Avropada “10 ən yaxşı Milad yarmarkası” siyahısına daxil edilmişdir. Poznandakı Milad yarmarkası Polşada keçirilən ən yaxşı Milad yarmarkasıdır. Poznan Betleem və ya Poznań Milad yarmarkası sizi ecazkar qış nağılına aparacaq. Bu sehrli aləmdə buzla örtülmüş torpaq, qar dənəcikləri, Milad attraksionları, Poznanın Qədim Bazar Meydanı və Azadlıq Meydanının orijinal görünüşü sizi valeh edəcək.

Müddəti: 16 noyabr-21 dekabr 2019-cu il

7. Belçikanın Brüssel şəhəri


Brüsseldə keçirilən və 2,5 milyon nəfərin baş çəkdiyi “Qış möcüzələri” iştirakçıların festival kostyumları geyindiyi və ləziz təamlarla dolu menyu təqdim etdiyi Milad festivalıdır.

Müddəti: 29 noyabr 2019-cu ildən 5 yanvar 2020-ci ilə qədər

8. Çexiyanın Praqa şəhəri


Praqada hər zaman unudulmaz Milad ab-havası yaşanır. Orta əsr şəhəri olan Praqadakı bu unikal atmosfer sayəsində Qədim Şəhər Meydanında təşkil olunan Milad yarmarkaları insanlar arasında olduqca populyardır. Avropada təşkil olunan böyük Milad yarmarkalarından fərqli olaraq Praqanın Milad yarmarkası ümumi ab-havanı daha da zənginləşdirir.

Müddəti: 30 noyabr 2019-cu il 6 yanvar 2020-ci il

9. Rumıniyanın Kluj-Napoka şəhəri


Kluj-Napokada təşkil olunan Milad yarmarkası Rumıniyadakı ən gözəl Milad yarmarkasıdır. Kluj-Napokanın Milad yarmarkasını ən yaxşı necə təsvir etmək olar? Bu yarmarka bütün “Ailə” üzvləri, uşaqlar, nənə-baba, xalalar, dayılar və digər qohumlar üçün ən mükəmməl yerdir. Geniş məna kəsb edən bu söz, adətən, səmimi və xoşbəxt xatirələri canlandırmaq üçün istifadə olunur. Bu, məhz Kluj-Napoka yarmarkasının sizə və hər kəsə yaşatmaq istədiyi hissdir.

Müddəti: 22 noyabr-31 dekabr 2019-cu il

10. İsveçrənin Bazel şəhəri



İsveçrənin ən gözəl və ən böyük Milad şəhəri olan Bazel zəngin qədim ənənələrə malikdir. Məhz bu səbəbdən, hər il bu şəhərə baş çəkmək lazımdır. Yüksək səviyyədə qorunan Qədim Şəhərin işıqları ilə yanaşı mağazalar və bir çox binaların fasadları da ətrafa qızılı parlaqlıq saçır. Bu şəhərdə, xüsusilə, Barfüsserplatzda və Bazelin ən gözəl meydanlarından biri olan Münsterplatzda keçirilən Milad yarmarkalarına baş çəkmək tövsiyə olunur.

Müddəti: 28 noyabr-23 dekabr 2019-cu il.
 
Mənbə: https://www.europeanbestdestinations.com/christmas-markets/