Bu günü 2 qat bayram hesab etmək olar. Həm 14 Fevral  - Müqəddəs Valentin günü, həm də həfətənin son iş günü – Cümə!

  Trenddən geri qalmayaq dedik və sizə günün aktual mövzusu ilə bağlı məqalə hazırladıq.
Beləliklə gəlin, baxaq görək sevgililərin səbrsizliklə gözlədikləri 14 Fevral tarixi, Avropa ölkələrində necə qeyd olunur.
 
  Müqəddəs Valentin gününün vətəni, təbii olaraq İtaliya sayılır. Axı italyanlar nəinki Avropada, bütün dünyada romantik və həssas olmaqları ilə seçilirlər. İtaliyada standart olaraq bu gün çiçək, açıqca, şirniyyat və s. hədiyyə olunur. Əhalinin böyük əksəriyyəti bu günü məmnuniyyətlə qeyd edirlər. Niyə də yox? 14 Fevral İtalyanlar üçün öz hisslərini ifadə etməyə daha bir fürsət yaradır.
 
  Hollandiyada isə bu günlə bağlı xüsusi bir adət var. Hesab olunur ki, məhz bu gün standarlara zidd olaraq  qadın öz sevdiyi kişiyə evlilik təklifi edə bilər. Əgər kişi təklifi qəbul etməsə, qadına ipək don hədiyyə etməlidir. Təbii ki, bu adət artıq köhnəlib, lakin bəzi çılğın holland xanımların hələ də işinə yarayır.
 
  İngiltərədə inanılır ki, 14 Fevral günü hətta quşlar da özlərinə sevgili tapır. Buna görə hədiyyələri yalnız sevgililərə yox, hətta ev heyvanlarına da alırlar. Ən sevilən hədiyyələrdən biri isə təbii ki, “Teddi” ayıcıqlarıdır.


 
  Fransa Sevgililər Gününün keçirilməsinə görə xüsusi heç bir adəti ilə fərqlənmir - klassik hədiyyələrin təqdim edilməsi, vəssalam. Yeganə fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, Paris sevgi şəhəri hesab olunduğundan bu gün restoranda boş masa tapmaq qeyri mümkün olur. Çünki bütün dünyadan romantik cütlüklər bayramlarını qeyd etmək və evlilik təkliflərini reallaşdırmaq üçün Parisə axın edir.

  İspaniyada Müqəddəs Valentin günü 20-ci əsrin ortalarından etibarən qeyd olunmağa başlayıb. Məsələ burasındadır ki, temperamentli ispanlar onsuzda ilin müxtəlif günlərində hər regionun özünəxas sevgi müqəddəsinə uyğun olaraq Sevgililər günü qeyd edirlər – 1 May, 23 Aprel və s.
 
  İsveç ilin ən romantik gününə çox “soyuq” yanaşaraq, yalnız yarım əsr bundan əvvəl qeyd etməyə başlayıb. Səbəb də sevgililərin istəyi yox, gül satan şirkət və dükanların təşviqatı olub. Bir növ ölkənin iqtisadi durumuna növbəti töhvə kimi qeyd edilən bu gün yerli əhali tərəfindən “Ürəklər Günü” kimi adlanır.


 
  Almaniya da onlardan çox geri qalmayaraq el arasında bu günə “Gül Dükanları Günü” adını verib. Bundan əlavə isə Almaniyada Müqəddəs Valentin psixi xəstələrin himayədarı hesab olunur. Əslində, onlar həqiqətdən çox da uzaq deyillər. Axı sevgi insanları çox vaxt məntiqdən kənar addımlar atmağa vadar edir.
 
  Biz isə öz tərəfimizdən düşünürük ki, sevginin xüsusi günü yoxdur və hər gün sevdiklərimizə sevgimizi etiraf edib, dünyanı və planetimizi sevgi ilə yaşatmalıyıq.
 
  Sevgilərlə,
  SizinAvropa.